AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dağkəsəmən xalçası

Nümunənin reyestr kodu : SD0101060003

Qazax qrupuna aid xalça kompozisiyasıdır. Bu xalçaların kompozisiyası əsas etibarilə “Ləçəkturunc”u, bəzən isə Qarabağın “Açma-yumma” xalça kompozisiyalarını xatırladan rombşəkilli medalyonlardan ibarətdir. Ara sahə boyunca bu medalyonların arasında ara sahəyə bitişik yarımmedalyonlar təsvir edilib. Romb özü Azərbaycan incəsənətində qadın başlanğıcı hesab edilir. Kənarları dilikli olan medalyonların mərkəzində əbədi həyat rəmzi olan səkkizguşəli ulduz təsvir edilib. Xalçanın rəng həlli Qazax bölgəsinə xas tərzdə – göy-qırmızı tərtib edilib.

“Dağkəsəmən” xalçalarının birinci variantı “Açma-yumma” tipi xalçanı özündə birləşdirir. Bu xalçaların ara sahəsi, bir qayda olaraq, Qazax xalçaları üçün xarakterik olan tünd göy fona malikdir. Ara sahənin iri rombşəkilli gölləri, bu göllərin tərəfləri boyunca nahamar şəkildə aşağıdan yuxarıya doğru uzanan həndəsi naxışlı zolaqlar və ara sahənin kənarları boyunca üçbucaq formalı (haşiyəyə bitişik) yarımgöllər bu xalçanın kompozisiyası üçün xarakterikdir. Bu tərzdə toxunmuş xalçalar həm texnoloji xüsusiyyətlərinə, həm də kompozisiya və koloritinə görə Qazax xalçaları arasında seçilirlər.

Sadə kompozisiyalı “Dağkəsəmən” xalçaları saya, naxışsız ara sahəyə malikdir. Mürəkkəb kompozisiyalı xalçaların ara sahəsi isə naxışlarla doldurulur. Həm sadə, həm də mürəkkəb kompozisiyalı xalçalarda ara sahənin mərkəzində yerləşən dartılmış müəyyən dərəcədə dairəvi göllər Qarabağın “Balıq” xalçalarının analoji kompozisiyalarını xatırladır. Sadə kompozisiyalı xalçaların küncləri və mürəkkəb kompozisiyalı xalçaların ara sahəsi xırda simmetrik torşəkilli şəbəkədən ibarətdir.

“Dağkəsəmən” xalçaları fərqli ölçülərə malikdir. Bəzi nümunələri uzunsov formada, bəzi nümunələri isə orta ölçüdə və ya daha kiçik, “namazlıq” formatında toxunur. “Dağkəsəmən” xalçalarının ölçüləri 148x254 və 137x266 sm-dir. İlmə sıxlığı 28x28-dən 38x38-dək, xovun hündürlüyü 1 sm-dir.

Azərbaycanda toxunan müxtəlif variantlı xovlu xalçaların yüzlərlə kompozisiyası mövcuddur. Bu nümunələr özlərində onları toxuyan ustaların əhval-ruhiyyələrini və inanclarını əks etdirir. Bu səbəbdən qədimi xalçaların heç birinin təkrarı, eynisi yoxdur. Dağkəsəmən xalçası da Qazax rayon mərkəzindən 3 km məsafədə yerləşən Dağ Kəsəmən kəndinin adını daşıyır. Bu xalçalar həmçinin Göyçə gölündən şimal-şərqə doğru tarixi Qazax qəzası ərazisində yerləşən, indi isə Ermənistan Respublikasının ərazisində qalmış vaxtilə azərbaycanlıların kompakt yaşadığı kəndlərdə də toxunurdu.