AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Faxralı xalçası

Nümunənin reyestr kodu : SD0101040002

“Faxralı” xalçası Gəncə xalçaçılıq məktəbinin məşhur nümunələrindən biridir. Bu xalça öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indiki Goranboy rayonu ərazisində yerləşən Faxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar hələ qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları sayılmış, bu səbəbdən qocaman xalçaçılar bu xaçaları “Gəncə-fəxri” adlandırmışlar.

Vaxtilə Faxralı kəndində toxunan bu xalçalar sonralar kəndin coğrafi sərhədlərini aşaraq ətraf kəndlərdə – Qaradəmirçili, Şadılı, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunmağa başlamışdır. Artıq XIX əsrdə Faxralı xalçası Gəncə mahalının sənətkarları ilə yanaşı qonşu ölkələrin azərbaycanlılar yaşayan yaşayış məntəqələrində də toxunmuşdur. Bu səbəbdən bir çox xalça ustaları Faxralı xalçalarını istehsal olunduğu bölgəyə uyğun "Gəncə xalçaları", "Çıraqlı xalçaları", "Şamxor xalçaları" adlandırmışlar. Bir çox xarici mənbələrdə, əsasən də alman sənətşünaslarının əsərlərində xalça "Faxralo" adlandırılır.

Faxralı xalçaları dini mərasimlərdə, namaz qılınanda istifadə olunduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən xalq arasında həm də "Ceynamaz" (namaz qılınan yer) adlandırılmışdır. Xalçanın orta sahəsinin yuxarı hissəsində yerləşən tağ görünüş və formasına görə Şərq memarlıq elementlərini, xüsusilə məscidlərin cənub hissəsində yerləşən mehrabı xatırladır. Tağ və ya mehrab detalını Azərbaycanın Şirvan, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə aid xalçalarda da görmək mümkündür.

Faxralı xalçalarını iki yerə ayırmaq olar: sadə naxışlı xalçalar, mürəkkəb naxışlı xalçalar. Xalçaların orta sahəsinin naxışları sadə və mürəkkəb olsa da, onlar texnoloji cəhətdən bir-birinə çox yaxındır.

Sadə naxışlı Faxralı xalçalarının orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük göl, mürəkkəb naxışlı xalçalarda isə kvadrat və səkkizbucaqlı göllər toxunur. Sadə naxışlı xalçanın əsas naxışları “sallama” (salxım söyüd) və “ağac”dır. Belə naxışlardan “Gədəbəy xalçaları”nda da istifadə edilmişdir. Sadə naxışlı xalçaların köbə zolaqları Gəncə xalçaçılıq məktəbinin xalçaları üçün səciyyəvi olan adi sadə köbə zolaqlarından ibarətdir. Mürəkkəb naxışlı Faxralı xalçalarında isə kərpic, böyük və kiçik “gədəbəylər” (Quba xalçaçılıq məktəbinə aid Qədim minarə xalçasında bu naxış “yelpik” adlanır), “sırğa” və “tuğbaşı” (bayraq) kimi əsas naxışlardan istifadə edilir, orta haşiyədə ardıcıl təkrarlanan “tısbağa” təsvir olunur. Tısbağa təsvirlərindən Şirvan xalçaçılıq məktəbində toxunan xalçalarda da istifadə edilmişdir.

“Faxralı” xalçalarının qədim nümunələri Azərbaycan Xalça Muzeyinin fondunda saxlanılır.