AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Əjdahalı" xalça

Nümunənin reyestr kodu : SD0101000003

“Əjdahalı” xalçalar əjdaha təsvirləri ilə bəzədilən xalça nümunələridir. Bu xalçalar peşəkar xalça kompozisiyalarının inkişafında yeni mərhələ sayılır. Əjdaha təsvirindən “Xətai” xalça kompozisiyalarında geniş istifadə olunur. “Xətai” kompozisiyanın əsasını uzun əyilmiş formalı enli budaqlar təşkil edir. Budaqların arasında “əfşangülü” adlı çoxlu sayda stilizə edilmiş elementlər işlənir, kompozisiyanın ara sahəsində isə əksər hallarda əjdahalar və ya başqa mifik heyvanlar təsvir olunur. Belə xalçaların 17-18-ci əsrlərə aid kolleksiyası Vaşinqton Tekstil Muzeyində bu gün də saxlanılır. “Əjdahalı” kompozisiyaların klassik üslubda yenidən işlənmiş nümunələrinə “Bəhmənli”, ”Borçalı”, ”Qımıl” xalçalarında da rast gəlmək mümkündür.

Azərbaycan xalçalarında əjdaha təsvirləri palmettanı qoruyan əjdahalar, Simurq quşu ilə əjdahanın döyüşü, bir-biri ilə mübarizə aparan əjdahalar motivlərindən ibarətdir. Bu xalçaların motiv mənbəyi XIII əsrdən başlayaraq Azərbaycana gətirilən Çin farforu və tikmə məmulatları hesab olunur. Əjdaha təsvirləri təkcə xalçalara yaraşıq vermir, eyni zamanda qoruma, müdafiə funksiyası daşıyır. Ən yaxın zamanlara qədər çadırda və ya evdə asılan əjdaha təsvirli “Vərni” xalçasının insanı şər qüvvələrdən qoruduğuna, onlara xoşbəxtlik və ruzi gətirdiyinə inanılırdı.

“Əjdahalı” xalçaların elementlərindən biri də mütəxəssislər tərəfindən “alovlu palmet” adlandırılan və alov dillərinə bənzəyən çoxsaylı çıxıntıları olan mürəkkəb palmetdir. Perpendikulyar şəkildə düzülən “alovlu palmet”lər Londonda Viktoriya və Albert Muzeyi kolleksiyasında saxlanılan 19-cu əsr Quba məktəbinə aid sumax xalçasında da vardır. Bundan əlavə, Metropoliten İncəsənət Muzeyinə aid 17-ci əsr Qarabağın “Əjdahalı” xalçasında, Berlin İncəsənət Muzeyinə məxsus 18-ci əsr “Əjdahalı” xalçasında, Azərbaycan Xalça Muzeyinə məxsus 17-ci əsrə aid “Əjdahalı” xalçasında, Vaşinqton Tekstil Muzeyinə məxsus 18-ci əsr “Çələbi” xalçasında da “əjdaha” motivləri əks olunub.

Azərbaycan böyük tarixə, qədim və zəngin ənənələrə malik bir ölkədir. Ölkəmiz yüksək dağlıq ərazidə, ovalıqlarda yerləşdiyindən burada xalçaçılıq geniş inkişaf etmiş, bunun nəticəsi olaraq da müxtəlif xalçaçılıq məktəbləri təşəkkül tapmışdır. Əjdaha təsviri həmin xalçaçılıq məktəblərinin hamısı üçün xarakterikdir, bununla belə Qarabağ, Qazax, Quba və Şirvan xalçaçılığında daha intensiv işlənmişdir. Ehtimal olunur ki, əjdaha motivi monqollar, xüsusən uyğurlarla birlikdə Uzaq Şərqdən Ön Asiyaya keçmiş, buradan da “Xətai” kompozisiyasına gəlib düşmüşdür. Mənbəyi Uzaq Şərqlə bağlı olsa da, bu motiv Azərbaycanda yerli ornamental üslubla qaynayıb-qarışaraq özünəməxsus xüsusiyyətlər kəsb etmişdir.