AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Duz torbası

Nümunənin reyestr kodu : SD0104000004

Duz saxlamaq, həmiçinin uzaq səfərlər zamanı ərzaq saxlamaq məqsədi ilə məişətdə istifadə olunan xalça məmulatıdır. Duz torbasının boğaz hissəsinin uzun və dar olması duz və digər quru məhsulları asanlıqla orada yerləşdirməyə və məhsulu rahatlıqla torbadan çıxarmağa imkan verirdi. Duz torbaları yığılan məhsulu saxlamaqla yanaşı, həm də onu nəm və rütubətdən qorumaq üçün əlverişli məişət məmulatı sayılırdı. Belə məmulatlar həm də evin hər hansı bir guşəsinin bəzədilməsi üçün istifadə olunan bəzək nümunələri hesab edilirdi.

Xovsuz texnikası ilə toxunan duz torbaları yun, pambıq, eləcə də ipək iplərdən hazırlanırdı. Həndəsi şəkilli naxışları və çeşidli rəngləri olan duz torbalarının bəzədilməsində daha çox qırmızı rəngə üstünlük verilirdi. Gündəlik məişətlə yanaşı xüsusi bayramların və el şənliklərinin tərtibatında da onlar xüsusi yer tuturdu.

XX əsrdə Qarabağda toxunan və Xalça Muzeyində qorunan belə duz torbalarından birinin zəngin və maraqlı tərtibatı vardır (DDK-3944). Onun ara sahəsi və boğaz hissəsi hər biri müəyyən məna kəsb edən zəngin ornamentlərlə bəzədilmişdir. Haşiyə hissəsinin bəzədilməsində isə bir-birini təkrar edən, müxtəlif rəngli rombvari həndəsi elementlərə üstünlük verilmişdir. Ara sahəni bəzəyən kiçik göl elementləri həyatı simvolizə edir. Ara sahənin yuxarı və aşağı hissəsində verilmiş “pıtraq” elementi bolluq və bərəkətin qorunması anlamına gəlir. Əşyanın üzərində təsvir olunan heyvan motivləri isə bərəkəti, bolluğu təmsil edir.

Azərbaycanın əlverişli təbii şəraiti burada ta qədimdən xalçaçılığın təşəkkülünü və inkişafını şərtləndirmişdir. Bunun nəticəsi olaraq Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalçaçılıq mərkəzləri formalaşmışdır. Həmin mərkəzlərin hər birində xalça məmulatlarının bu və ya digər növünə, yaxud tipinə üstünlük verilmiş, istehsal edilən xalçalar və xalça məmulatları öz kompozisiya və kolorit xüsusiyyətləri ilə seçilmişdir. Duz torbası da belə xalça məmulatlarından biridir. Azərbaycanda xalçaçılıq mərkəzlərində hamısında dizaynı, strukturu və keyfiyyətinə görə bir-birindən seçilən müxtəlif duz torbaları toxunmuşdur.