AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Valeh və Zərnigar

Nümunənin reyestr kodu : FL0104020009

Sizə haradan xəbər verim, Qarabağ mahalının Abdal-Gülablı kəndindən. Bəli, elə ki Aşıq Valeh aşıqlıq sənəti ilə eldə məhşur​laşdı, hər mahalda tanındı, bütün vaxtı el şənliklərində olurdu. Bir gün Səməd adlı bir cavan oğlan gəldi Valehin yanına. Xahiş etdi ki, onu özünə şagird qəbul etsin. Valeh dedi, cavan oğlan, adın Səməd olmasa, səni şagird qəbul edərdim. Çünki mənim ustadımın da adı Səməddir. Gələcəkdə kimi deyəcək, Səməd Valehin ustadı olub, kimi deyəcək yox, şagirdi olub. Ona görə səni şagird qəbul edə bilməyəcəm. Cavan Səməd ustad Səməddən xahiş etdi ki, Valehə desin, onu şagird qəbul etsin. Bəli, ustad Səməd Valehə dedi, ustadın ustad adı var, şagirdin şagird, oğlanı şagird qəbul et. Beləliklə, cavan Səməd Valehə şagird oldu.

Elə olurdu ki, Valeh aylarla səfərdə olurdı. Ona görə də atası Valehi öz qardaşı Hatəmin qızı Sənəmə nişanladı ki, Valeh çox uzaqlara getməyə. Valeh hara getsə, Səmədi özü ilə aparırdı.

Bir gün Valeh Arasbar kəndində bir falçı qarıya onun adam​ları aldatdığını sübut etdi. Həmin axşamı Arasbar kəndində məclis qurdular, çaldılar, çağırdılar. Həmin qarı da məclisdə olur. Səhər Valeh Səmədlə kənddən gedəndə həmin qarı Səmədi yanlayır. Deyir, oğlan, əvəzsiz aşıqsan, ancaq sən nə qədər Valeh ilə aşıqlıq etsən hörmətin olmayacaq. İstəyirsənsə hörmətin ola, Valehdən ayrıl, tək aşıqlıq et. Qarının hiyləsi Səmədi aldadır. Səməd yarımçıq ola-ola Valehdən ayrılır, başlayır tək hərlənməyə. Hansı kəndə gedirsə, görənlər deyir, oğlan, bəs ustan Valeh hanı? Səməd nə qədər hərlənirsə, bir deyən olmayır ki, çal-çağır. İş belə olanda Səməd öz-özünə deyir, belə olmaz. Mən gərək elə bir səmtə gedəm ki, orda Valehi tanımayalar, bəlkə onda məni bir aşıq kimi qəbul edələr. Beləliklə, Səməd üz tutur Dağıstan tərəfə. Gəzə-gəzə gedir çıxır Dəmirqapı Dərbəndə.

İndi xəbəri eşidin Dəmirqapı Dərbənddə Tacir Süleymanın qızı Zərniyar xanımdan. Zərniyar xanım atanın, ananın bircəsi olduğu üçün atası onu üç dildə təhsil almağa nail etmişdi. Oydu ki, Zərniyar xanım hər elmə müyəssər olmaqla yanaşı, həm də təbli bir şairə idi, saz çalıb söz oxumaqda üstün məharəti varıdı. Atası Süleyman vəfat edəndən sonra Zərniyar babası Dəmirçi Muradın himayəsində qalır. Həddi-buluğa çatanda Zərniyarın gözəlliyindən çox varına aşiq olanlar başlayırlar Zərniyara elçi düşməyə. Zərniyar babasından xahiş edir ki, onun ərə getmək ixtiyarını özünə versin. Babası onun xahişini qəbul edir, gələn elçilərə Zərniyar özü cavab verir. Get-gedə elçilərin sayı artır. Zərniyar görür elçilərin sayı həddin aşır, öz-özünə deyir, mən bu elçilərin hansına razılıq ver​səm, yox dediklərim onu məhv edəcək. İndi mən başqa yol tapma​lıyam. Axır qərara gəlir, gedir Dərbəndin hökmdarı Şabəndə bəyin hüzuruna. Deyir, bəy sağ olsun, mən gəlmişəm sizdən təvəqqa edəm, car çəkdirib hər yana xəbər çatdırasınız ki, mən o adama ərə gedəcəm ki, o adam mənimlə saz ilə deyişə, deyişmədə mənə üstün gələ. Mənim ilə deyişib məğlub olanları dustaq edib zindana sala​cam, aciz qalanların sayı qırxa çatanda hamısının boynunu vurdura​cam. Şabəndə bəy Zərniyarın təklifini qəbul edib bütün Dağıstana xəbər çatdırıb. Deməli, Səməd Dəmirqapı Dərbəndə çatanda, Zərni​yarla meydan açıb, aciz qalanların sayı otuz səkkizə çatmışdı. Heç nədən xəbəri yox, Səməd küçə ilə gedərkən onu Zərniyarın kənizi görür və onu Zərniyarın imarətinə aparır. Səməd Zərniyarı görəndə sevinir ki, burda xeyri olacaq. Səməd bərabərə çatır, salam verir, cavab alır. Zərniyar deyir, aşıq, adın nədir? Səməd deyir, xanım, adım Səməddir. Zərniyar deyir, Səməd nədir? Deyir, addır də. Zərniyar deyir, əlindəki nədir? Deyir, sazdır də. Zərniyar deyir, saz nə deməkdir? Səməd deyir, çalğı alətidir. Zərniyar deyir, hansı bazarın aşiqisən və xiridarın kimlərdir? Səməd deyir, xanım, siz məni başa düşmədiniz, mən saz aşığıyam, çalıb oxuyuram. Zərniyar kənizlərə deyir, aşığı məqamına aparın. Kənizlər Səmədin sazını əlindən alıb aparıb salırlar aşıqlar olan zindana. Zindana girəndən sonra Səməd məsələni başa düşdü. Gecə zindanda olanlar ölümləri yaxınlaşdığını yaqın etdilər (Tam mətni yüklə).