AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kosmetik vasitələr

Nümunənin reyestr kodu : SD0200000001

Azərbaycanda bəzək (kosmetik) vasitələrindən istifadə ibtidai icma dövründən etibarən yayılmağa başlamışdı. Kosmetikanın xüsusi bir hissəsini yanağa, qaşa, gözə çəkilən boyalar, əl-ayaq barmaqlarına yaxılan həna təşkil edirdi. Keçmişdə “məşşatə” adlanan peşəkar bəzək ustaları toy günü gəlin köçən qızların, yaxud varlı evlərində kübar qadınların üz-gözünü bəzəyib geyindirirdilər. “Bəzəkçi” qadınlar, bir qayda olaraq, maqqaş və səkkizvari ilgək halına salınmış sap vasitəsilə qadının üz-qaşını alıb artıq tüklərdən təmizləyəndən sonra kosmetik boya maddələri (ənlik, kirşan, rasıx, vəsmə, sürmə, həna) ilə onu bəzəyib gözəlləşdirirdilər. Kosmetik bəzək vasitələrinin bir qismini, o cümlədən rüşül, daban daşı və hənanı hər kəs özü əldə edib işlədə bilərdi. Bir qayda olaraq, vəsmə, rasıx qaşa, sürmə gözə çəkilir, ənlik, kirşan isə yanaqlara yaxılırdı. Məşşatələr isə saçın hörük, cığa və birçəklərini darayıb səliqəyə salandan sonra gülab, ənbər və digər ətirli mayelər çiləyib qadın saçını rayihələndirirdilər. Azərbaycan dastanlarında bu mərasim belə nağıl edilir: “Toy tədarükü başlanır, şəhərin 77 yerindən məşşatə çağırılır, gəlini geyindirib 77 qələm zinət verirlər”. Mənşə etibarilə bu “bəzənmə əməliyyatı” gəlinə gözəllik vermək üçün edilmir, onun qızlar sırasından ayrılıb “ərli qadınlar” cərgəsinə keçməsi ilə bağlıdır.

Nəsirəddin Tusi qeyd edir ki, qadınlar, əsasən, yeddi adda kosmetik vasitədən – xına, sürmə, vəsmə, surxab, sefidab, zərək və qaliyədən istifadə edirdi. Bəzək (kosmetik) vasitələrini, adətən, əttar dükanı və əczaxanadan, yaxud çərçi və camaşırxanadan satın alırdılar. Bunların hər biri bəzək qutusunda saxlanırdı. Xüsusi zövq və baxımlılıq əlaməti olaraq xınadan həm kişilər, həm də qadınlar istifadə edirdilər. Kişilər saç-saqqalına, qadınlar isə, indi də olduğu kimi, saçla yanaşı əl-ayaqlarına da xına yaxırdılar. Tünd rəng almaqdan ötrü xınanın üzərinə tünd dəmlənmiş çay, yaxud qaynadılmış qoz yarpaqları və ya soğan qabığının suyunu əlavə edirdilər. Bəzən xına başa qoyulduqdan sonra üstünü qoz yarpaqları ilə örtürdülər. Əvvəllər xınayaxma mərasimi çox vaxt hamamda icra olunurdu. Hamamda xına, vəsmə və başqa təbii boyalar qoyan adamlar çalışırdı. Burada nurə ilə (tük tökmək üçün kimyəvi maddə) bədəndəki artıq tüklər təmizlənir, sonra həna qoyulurdu. Vəsmə bitkisini suda qaynadıb alınan qara rənglə qadınların qaşlarını boyayırdılar. Yanaqların çəhrayı rəngə çalması üçün kirşan çəkilirdi. Azərbaycan qadınları arasında sürmə vasitəsilə gözlərini iri və xumari, qaşlarını isə vəsmə ilə hilal formasında düzəltmək dəbdə idi. Bəzən qaşlar gicgahadək uzadılır, ortasına qara xal qoyulub birləşdirilirdi. Çatma qaşlar, dodaq və yanağa xal qoymaq da dəbdə idi. Gözə çəkilən sürmə qara parlaq daşı əzib tozuna xüsusi maye qarışdırılaraq alınırdı. Bu olmadıqda zeytun meyvəsini qurudub yandırar, əmələ gələn yağlı hisdən də bu məqsədlə istifadə edirdilər. Hazırda da qadınlarımız bəzək vasitəsi kimi sürmədən istifadə edirlər.

Zərək və ya zərvənəq adlanan qızıl ovuntuları parlaqlıq məqsədilə üzə səpilirdi. Qaliyə müşk-ənbər qarışığı olan xoş qoxulu, qara rəngdə maddə idi. Onunla saçları qara rəngə boyayırdılar. Saç-saqqalın qaraldılmasında xəzab adlı vasitədən də istifadə edirdi​lər. Ərəb mənşəli olan xəzab xına, vəsmə və xüsusi gül yarpaqlarının qarışığından alınırdı.

Adları çəkilən bəzək (kosmetik) vasitələrinin hər biri müxtəlif materialdan (parça, taxta, şüşə, dəri və s.) düzəldilən xüsusi qablarda saxlanırdı. Sürmədan (sürmə qabı), sürmə mili, daraqqabı, xınabənd (xına yaylığı, gəlinlər üçün xüsusi qırmızı parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyarkən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan mis və ya gümüş qab) kimi kosmetik vasitə qabları vardı. Sürmədanlar metal, parça, nadir hallarda isə balqabaq saplağından düzəldilirdi. Ən çox işlədilən parça sürmədanlar məxmər və tirmədən kiçik kisə formasında olub, üzəri məliləduz, nəqədəduz, mirvari tikmələrlə, hətta qızılı və gümüşü sapla bəzədilirdi.

Qadın və kişi bəzəyinin önəmli bir hissəsini ətirlər təşkil edirdi. Ətirlər xoş qoxu məqsədilə saç və bədənə çilənirdi. Ətir əvəzinə bəzən qadınlar mixəyi süddə isladıb mirvari kimi sapa düzüb, boyunlarından asmış, biləklərinə dolamış, köynəyin altından yaxalarında gizlətmişlər.