AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəmşir və Sənubər

Nümunənin reyestr kodu : FL0104020032

İndi sizə kimdən, nədən danışım Dəmirçidamlı Aşıq Qurbandan. Aşıq Qurbanın atası Şəmşəddin elindən köçüb Gədəbəy rayonunun Boyük Qarabulaq kəndinə, sonra isə Cavanşir qəzasının Dəmirçidam kəndinə gəlib orada yaşamışdır. Aşıq Qurban Güneypəyə kəndində Səlmi adlı bir qıza aşıq olub onunla evlənmişdir. Qurbanla Səlminin 1893-cü ildə bir oğlu olur, adını Şəmşir qoyurlar. Şəmşir 15 yaşında Ağdaban kəndində molla məktəbinə daxil olur, orada yeddi il oxuyur. Aşıq Şəmşir yaxın qonşuları Hilalizərrin qızı Sənubərlə hələ mədrəsəyə gəlməzdən qabaq sevişirlərmiş, ancaq ürək sirlərini aça bilmirlərmiş.

Bir gün Sənubər fikirləşdi ki, mən nə bəhanə ilə məktəbə gedib Şəmşirlə görüşüm. Bu zaman bənövşələr açılan vaxt idi. Sənubər belə qərara gəldi ki, bir dəstə bənövşə aparıb mollaya verim, bəlkə məni məktəbə götürə. O, çiçəkli güneydən bənövşə dərdi. Sənubər baxdı ki, bənövşə boynunu əyri tutmuşdur. Öz-özünə dedi: “Mənim atam yoxsuldu, məni məktəbə qoya bilmir, mən boynumu əyri tutmadım, bu bənövşənin dərdi nədi ki, belə məlul boynunu əyri tutub. Gəl bunların dərdini xəbər al”. Odur ki, dedi:

Boynunu niyə əymisən,

Açan təzə bənövşələr?

Qurtarıb bu qarlı qışdan,

Çıxan yaza bənövşələr.

Mənim kimi bir aşıqsan,

Əlbət dərdin var, aşiqsən.

Çiçəklərə yaraşıqsan,

Çil-nərgizə, bənövşələr.

Belə əyri tutma başın,

Mən olum qəmli yoldaşın.

Car eləyərəm gözüm yaşın,

Süzər üzə, bənövşələr

Mən yoxsul qızıyam ləli,

Haradadır Kərəməli.

Yaradanın rəhmi gəlir

Bu gün bizə, bənövşələr.

Ətiriniz baş cənnətdi,

Kim bilir kimə qismətdi.

Bəlkə dərdin məhəbbətdi,

Salmır üzə, bənövşələr.

Siz ki gözəl çiçəksiniz,

Qərənfildən göyçəksiniz.

Yaraşıqlı bəzəksiniz,

Gəlin, qıza, bənövşələr.

Sənubərəm, yüz dərdimə,

Dərman olar söz dərdimə.

Çox yanıram öz dərdimə,

Bir də sizə, bənövşələr (Tam mətni yüklə).