AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Süjetli xalça

Nümunənin reyestr kodu : SD0103000001

Azərbaycan xalçaları bədii tərtibatına görə ornamentli və süjetli olmaqla iki qrupa ayrılır. Ornamentli xalçaların bəzədilməsində müxtəlif naxışlardan istifadə edilirsə, süjetli xalçaların bəzək hissəsi insan və heyvan təsvirləri, ov səhnələrinin təsviri ilə və s. formalaşdırılır.

Ornamentli xalçalar Azərbaycanın şimal əyalətlərində, süjetli xalçalar isə Təbriz xalçaçılıq məktəbində geniş yayılmışdır. Süjetli xalçaların ən gözəl nümunələri də bu məktəbə məxsusdur. Burada süjetli xalça istehsalının yüksəlişi XVI əsrə – Təbriz miniatür məktəbinin yüksəldiyi dövrə təsadüf edir. Həmin məktəbin rəssamlarının xalçalar üçün hazırladığı bəzək və rəsmlərdən, müxtəlif ov, döyüş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalardan Təbrizdə toxunan xalçalarda geniş istifadə olunmuşdur. Şimali Azərbaycanda isə süjetli xalçalara Təbriz məktəbinin təsirinin duyulduğu Qarabağ və Şirvan xalçaçılıq məktəblərində rast gəlinir. Bu xalçaları müqayisə etdikdə onlar arasında üslub fərqini görmək mümkündür. Röya Tağıyevanın yazdığına görə, Təbriz, Ərdəbil xalçalarında şərqin ənənəvi ovçuluq motivlərini, miniatür rəssamlıq üsullarını Avropa rəssamlığının mövzu və üslubu ilə birləşdirmək cəhdi müşahidə olunur. Avropanın təsirindən uzaq olan Qarabağ və Şirvan xal​çalarında isə əsl xalq üslubu, süjetin birxətli şərhi, fiqurların həndəsi-şərti təsviri görünür.

Süjetli xalçalar dörd başlıq altında cəmlənir: Ov səhnələrinin təsvir olunduğu “Ovçuluq” xalçaları, ilin fəsillərinin, əkinçilik kultlarının təsvir olunduğu “Dörd fəsil” xalçaları, klassik Şərq ədəbiyyatı motivlərinin əks olunduğu xalçalar və miniatür sənətkarlığın əks olunduğu xalçalar.

Təbriz xalçaçılıq məktəbində ovçuluq mövzusu daha çox inkişaf etmişdir. Bu qrupa məxsus xalçaların ən qədimi Milanın Poldi-Pettsoli muzeyində saxlanan və XVI əsr abidəsi sayılan “Ovçuluq” xalçası da Təbriz xalçaçılıq məktəbinin məhsuludur.

Ovçuluq mövzusu Şimali Azərbaycan xalçaçılığında da güclü bir qol təşkil edir. Qərb mədəniyyətinin təsiri olmadan, əsl xalq üslubunda toxunan bu xalçalar Azərbaycan xalçaçılıq sənətinə bir-birindən bənzərsiz nümunələr bəxş etmişdir. Qolunda şahin tutmuş ovçu təsviri Şirvan və Qarbağ bölgəsi xalçalarının ənənəvi mövzusudur. Kompozisiya baxımından xalq üslubunda toxunan, həndəsiləşmiş formaların simmetrik və dəqiqliklə verildiyi bu xalçalarda ov səhnəsi şərti işarələrlə göstərilir. Şimali Azərbaycanın ovçuluq xalçaları üçün klassik nümunəyə çevrilmiş bu xalçaların istehsalı XX əsrin ortalarına qədər davam etmişdi.

Ovçuluq xalçalarının ümumi kompozisiyasında, ayrı-ayrı fiqurların traktovkasında zaman keçdikdə sadələşmələr nəzərə çarpır. Bu proses sonrakı dövrlərdə daha da dərinləşmiş, nəticədə XX əsrin ilk rübündə ovçuluq mövzusu xalça toxuculuğunda yerli-dibli yoxa çıxmış, öz yerini bir-biri ilə bağı olan heyvan təsvirlərinə vermişdir. Bunun nəticəsində XIX əsrdə Qarabağda “Atlı-pişikli”, “İtli-pişikli”, “Maral-ceyran” və digər adlarla tanınan heyvan təsvirlərinin yer aldığı süjetli xalçalar meydana çıxır.

Süjetli xalçalara daxil olan “Dörd fəsil” xalçalarının əsas istehsal mərkəzi Təbriz idi. Sonralar digər xalça məktəbləri onlardan ilhamlanaraq eyni kompozisiyalı xalçalar toxumuşlar. Bu xalçaların ara sahəsi dörd hissəyə ayrılır, onlardan hər biri ilin müvafiq fəslini əks etdirir. Dekorativ bəzək kimi isə bu xalçalarda tarixi-memarlıq abidələrinin təsviri, məşhur mütəfəkkir və şairlərin portretləri, dini səhnəciklər, mövzularını Ömər Xəyyamın rübailərindən alan səhnələr yer alır. Bu kompozisiyada xalçaların haşiyə hissəsini “mixi” xətləri bəzəyir ki, bu da “Dörd fəsil” xalçalarının qədimliyindən xəbər verir. “Dörd fəsil” süjetli xalçaların toxunuşu XX əsrin ortalarına qədər davam etmişdir.

Süjetli xalçaların digər bir qrupunu mövzusunu Klassik Şərq ədəbiyyatından almış xalçalar təşkil edir ki, bunların içərisində Nizami Gəncəvinin, Firovsinin, Ömər Xəy​yamın əsərlərinin motivləri əsasında toxunmuş “Leyli və Məcnun”, “Fərhad və Şirin”, ”Rüstəm Ağ divi öldürür”, “Ömər Xəyyam məhbubəsi ilə” və s. kompozisiyalı xalçalar daha məşhurdur.