AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ovçuluq mifləri

Nümunənin reyestr kodu : FL0109020002

Ovçuluq mifləri dedikdə ovla bağlı arxaik inanc və təsəvvürləri özündə əks etdirən mifoloji mətnlər nəzərdə tutulur. Belə mətnlərin konkret bir forması yoxdur. Onlar ya süjetli bir hekayə şəklində, və ya adi bir inanc formasında ola bilər.

Azərbaycanın zəngin təbii şəraiti – meşə, dağ, çay və geniş düzənliklər burada müxtəlif heyvan və quş növlərinin məskunlaşması üçün münbit şərait yaratmışdır. Bu da ovçuluğun lap qədimdən burada inkişafına zəmin yaratmışdır. Qobustan qayalarında vəhşi heyvan növlərinin və ov səhnələrinin təsviri Azərbaycanda ovçuluğun qədimliyini göstərən amillərdən biridir. Füzuli Bayatın da qeyd etdiyi kimi, ovçuluq mədəniyyəti Azərbaycanda arxaik şəklindən başlayaraq hökmdarların ov əyləncələrinə qədər bir dəyişim, inkişaf yolu keçmiş, bununla belə özünün dini-mifoloji mahiyyətini qoruyub saxlaya bilmişdir (Bayat, 191). Azərbaycan, Anadolu, Orta Asiya və Altay-Sayan türklərində ovçuluq təsəvvürlərinin bir-birinə bənzəməsi ovçuluğun bəlli qayda-qanunları olan bir sosial müəssisə olduğunu göstərir.

Ovçuluq mifləri ovçuluğun yazılmamış qanunlarıdır. Ova getməkdən tutmuş heyvanların ovlanması, ovun bölüşdürülməsinə qədər bütün proses həmin miflərdən irəli gələn təsəvvürlərlə nizamlanır. Məsələn, ovçu ova gedən zaman qarşısına bir adam çıxarsa, mütləq vurulan ovdan ona pay ayırar. Yaxud tüfəngi düz atmırsa, onun çiləyə düşdüyünə inanır və çilədən çıxarmaq üçün xüsusi mərasim aktı icra edir. Nə zaman ova çıxılar, hansı heyvanı vurmaq olar, vurulan heyvanın əti necə bölüşdürülər – bütün bunlar həmin inanclardan gələn təsəvvürlərlə nizamlanır, qaydalara qarşı çıxanların, onları pozanların isə cəzalandırılacağına inanılır. Ovçuluq qaydalarını pozduğu üçün cəzalandırılan insanlar haqqında xalq arasında dolaşan mətnlər də həmin təsəvvürlərdən irəli gəlir.

Ovçuluqla bağlı inam və təsəvvürləri özündə cəmləyən bu mətnlər əsasən bu sənətin inkişaf etdiyi meşə və dağlıq bölgələrdə geniş yayılmışdır. Təsərrüfat tipindən asılı olaraq bölgədən-bölgəyə mətnlərin xarakterində də fərqlilik müşahidə olunur. Məsələn, Dağlıq Qarabağ və Zəngəzur dağlıq və meşəlik ərazi olduğundan burada vəhşi heyvan ovçuları haqqında xatirələr, Kür-Araz arası bölgələrdə isə əsasən balıqçılar haqqında xatirələr geniş yayılmışdır. Ovçuluq miflərinin əsas daşıyıcıları bu peşə ilə məşğul olan insanlardır.

Ovçuluq haqqında miflərin tərkibi olduqca zəngindir. Bura ov hamiləri haqqında arxaik təsəvvürlərdən tutmuş, ovçuluğun qayda-qanunlarının əks olunduğu mifoloji görüşlərə qədər ovçuluqla bağlı bütün inanc və təsəvvürlər daxildir. Ov hamisi bir qayda olaraq ova nəzarət edən, ov heyvanlarının məhv edilməsinin qarşısını alan mifoloji varlıqdır. Arxaik mətnlərdə zoomorfik formada təsvir olunan bu varlıq (nağıllarda qadağan olunmuş ərazidə ova çıxan ovçuları dalına salaraq azdıran ceyranın zoomorf formada təsvir olunan heyvan hamisi olduğu vurğulanır (Bayat, 203)) zaman keçdikcə antropomorflaşmış və günümüzdəki mətnlərdə ağsaqqal kişi, çoban, qadın formasında təsvir olunur. Belə varlıqlar heyvanları, quşları himayə edir, ovçunun ov həddini aşmasına icazə vermir. Ovçu qaydalara əməl etmədiyi təqdirdə isə onu cəzalandırır – qayadan salıb öldürür, ailəsinə zərər verir və s. İnanca görə, ov hamilərinin iradəsi və izni olmadan heç bir ovçu ov edə bilməz. Ona görə vaxtilə ovçular ova çıxmazdan əvvəl ov hamilərinin şəninə mərasimlər icra etmiş, vurduqları heyvanın ətindən ona ikramlar vermişlər. Müasir dövrdə övliyalar, seyidlər haqqında toplanmış mətnlərdə də onların heyvanların hamisi kimi çıxış etdiyinin şahidi oluruq. Heyvanlar həmin şəxslərin ocağına ziyarətə gəlir, onlar həmin heyvanları sağaraq onların südü ilə qidalanır, eyni zamanda həmin heyvanlara hamilik eləyir, onları vuran şəxsləri cəzalandırırlar. Dini şəxslərin müqəddəsləşdirilməsinə xidmət edən həmin təsəvvürlər əslində ov hamiləri haqqında miflərin transformasiya olunmuş variantlarıdır.