AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101060001

Qazax Azərbaycanın şimal-qərbində yerləşən xalçaçılıq mərkəzlə​rindən biridir. Qazax, Tovuz, Borçalı-Qarayazı (Gürcütsan Respublikasının ərazisin​dədir) və Loru-Pəmbək, İcevan (Ermənistan Respublikasının ərazisindədir) xalçaçılıq ocaqlarını, onlara daxil olan xalçaçılıq məntəqələrini əhatə edir. Qazax rayonuna – Ağstafa, Salaxlı, Kəmərli, Şıxlı, Dəmirçilər, Qaymaqlı, Tovuz rayonuna Öysüzlü, Bozalqanlı, Xatınlı, Aşağı Quşçu xalçaçılıq məntəqələri daxildir. Gürcütsan ərazisindəki Borçalı, Qarayazı, Qaraçöp, Ermənistan ərazisindəki Loru-Pəmbək və İcevanda toxunan xalçalar da texniki xüsusiyyətlərinə və bədii tərtibatına görə bu qrupa aid edilir.

Borçalıda məskunlaşmış tayfalar səfəvilərin ölkənin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Cənubi Azərbaycandan köçürülən tayfalardan ibarətdir. Röya Tağıyevanın yazdığına görə, həmin tayfaların məskunlaşdığı Təbriz, Ərdəbil, Qaradağ, Sərab və xüsusən də Urmiya gölü ətrafındakı Eraq, Bicar, Əsnə və Fərəhan şəhərləri əsas xalçaçılıq mərkəzləri idi. Ölkənin şimalına köçürüldükdən sonra bunlar Qazax xalça mərkəzinin təsiri altına düşmüş və onlardan ruhlanaraq bu ənənələri daha da inkişaf etdirmişlər. Bunun nəticəsində də bölgədə Qarayazı, Qaraçöp, Ləmbəli xalçaçılıq məktəbləri formalaşmışdır. Borçalının (indiki Marneuli) Qurdlar, Axurlu, Sadaxlı, Daştəpə və Ləmbəli kəndləri, Qarayazının Kosalar, Təzəkənd, Kəpənəkçi və Cavdar kəndləri tanınmış xalçaçılıq məntəqləridir.

Qazax qrupuna daxil olan və vaxtilə azərbaycanlıların yaşadığı Loru-Pəmbək və İcevan rayonları Ermənistan Respublikasının ərazisində yerləşir və Yuxarı Aqdan, Həstərək, Tovuzqala kimi yaşayış məntəqələrini, Gölkənd, Ardanış, Ağbulaq, Cil yaşayış məskənlərini əhatə edirdi. Azərbaycanlıların 1988-ci ildə bölgədən deportasiyasından sonra bu xalçaçılıq məntəqələri dağılmışdır.

Gəncə və Tiflis kimi iri şəhərlərin bu zonada yerləşməsi və iri istehlakçı təbəqənin mövcuduğu burada əmtəlik xalça istehsalını stimullaşdırmışdı.

Qazax xalçaları ilk növbədə ağır çəkili, hündür xovlu olmaları, xalçaya parlaqlıq və yumşaqlıq verən keyfiyyətli yundan toxunmaları, orta ölçüləri (1.50x2.00 və ya 2.20x2.60) ilə seçilir. Bu xalçalarda təbii boyalardan alınan qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri rənglərdən ibarət kolorit həlli öz uyarlığı ilə göz oxşayır. Bu xalçaların kompozisiya quruluşunda burada yaşayanların həyat tərzi və məişətindən gələn və əsrlər boyu formalaşan abstrakt həndəsi formalı və stilizə edilmiş naxışlar sistemi üstünlük təşkil edir. Bu xalçalarda bir çox hallarda totem təsvirlərə, mifoloji obrazlara, müxtəlif tayfalara məxsus damğalara da rast gəlmək mümkündür.

Qazax xalçaları çox vaxt toxunduğu ərazinin adı ilə adlandırılsa da, xalq arasında bəzən quruluşuna, bəzək elementinə görə fərqli adlarla da tanınır. Mələsən, “Şıxlı” adlı xalça “Ulduzlu xalça”, “Borçalı” xalçası isə “Ziynətnişan”, “Ləmbəli” kimi fərqli adlarla da tanınır.

Qazax-Borçalı bölgəsində toxunan xalçalar arasında “namazlıqlar” xüsusilə seçilir. Baş hissəsində mehrab, hicri təqvimi ilə tarixi, gülabdan, təsbeh, möhür, daraq, bəzən isə ağac motivləri ilə bəzədilən “Namazlıqlar” yerli ənənəni həm bədii, həm də texniki cəhətdən özündə yaşadır.

“Şıxlı”, “Öysüzlü”, “Dəmirçilər”, “Borçalı”, “Qazax”, “Qaraçöp”, “Qaçağan”, “Qarayazı”, “Salahlı”, “Qaraqoyunlu”, “Göyçəli”, “Qaymaqlı” və s. xalçalar Qazax məktəbinə daxil olan qiymətli sənət nümunələrdiir. Bu bölgədə xovlu xalçalarla yanaşı, zili, palaz, kilim kimi xovsuz xalçalar və məişətdə bu gün də istifadə olunan xurcun, məfrəş, heybə, duz torbası, yəhərüstü, çul və s. xalça məmulatları da toxunmuşdur. Bu məmulatların rəng ahəngi, bədii quruluşu, naxış dəsti-xətti, toxunma üsulu digər məktəblərdən fərqlənir. Kilimlər arasında ən məhur çeşnilər “Qədriqə kilim”, “Qoçbuynuz kilim”, “Daraxlı kilim”dir.

Ənənəvi üsulla xalça istehsalı Qazax regionundan bu gün də yaşamaqdadır.