AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəriişləmə

Nümunənin reyestr kodu : ST0500000001

Neolit dövründə Azərbaycanda əkinçilik və maldarlığın meydana gəlməsi və inkişafı nəticəsində yaranmış məhsul bolluğu ərzaq məhsullarının emalı və saxlanması zərurətini yaratmışdı. Bu da dəri qabların çeşidinin artmasına səbəb olmuşdu. Eneolit dövründə daş və sümük alətlərin müxtəlif tiplərinin yaranması əhalinin təsərrüfat məişətində gön-dəri məmulatı istehsalını başlıca məşğuliyyət növünə çevirmişdi. Bu dövrün insanları dərini mexaniki üsullarla (qaşıma, sıyırma, hamarlama, döyəcləmə, ütmə, piyləyib yumuşaltma və s.) işləməklə yanaşı, bəsit aşılama texnikasına da yiyələnmişdilər. Dabbağlığın müstəqil sənət sahəsinə çevrilməsi isə bir qədər sonraya – Tunc dövrünə təsadüf edir. Sinifli cəmiyyət dövründə gön-dəri məmulatı geyim əşyalarından tutmuş minik-qoşqu ləvazimatının hazırlanmasına qədər məişətə və təsərrüfat həyatının bütün sahələrinə nüfuz etmişdi.

Azərbaycanda dəriçilik (dabbağlıq) bəsit xalq üsullarından başlayaraq peşəkar sənətkarlığa qədər inkişaf mərhələsi keçmişdi. Əsasən, maldarlar arasında geniş yayılmış bəsit aşılama sadə texnologiyaya əsaslanır, kəpək və ya undan hazırlanmış “yal” vasitəsilə tüklərin dibini boşaldıb tökməkdən, duz və ya zəy vasitəsilə dərini yumşaltmaqdan və bitki mənşəli boyalarla onu boyamaqdan ibarətdir. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qablar, habelə çarıq, papaq, kürk kimi geyim vasitələrində dəri bu üsulla aşılanır. Bundan fərqli olaraq peşəkar dabbağlıq sənəti xüsusi usta əməyi tələb edir və kimyəvi-mexaniki emal proseslərindən istifadə olunur.

Dabbağlıq sənətində ev heyvanlarının gön və dərisi işlədilir. Dabbağxanalar gön və dərini şəhər qəssabxanaları, fərdi maldarlardan, böyük sərmayəli iri dabbağxanalar isə xammalı çox vaxt Bakı, Tiflis, İran, Türkiyə, Rusiya və Orta Asiyadan alırdılar.

XIX əsrdə gön-dəri məmulatı istehsalı əmtəə səciyyəsi kəsb etmiş və başlıca olaraq əyalət şəhərlərində cəmləşmişdi. Bu dövrün gön-dəri istehsalının əsas mərkəzləri arasında maldarlıq rayonları – Şamaxı, Şəki, Cavad, Ərəş, Şuşa və Gəncə qəzaları mühüm yer tuturdu. Bu qəzalar təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda dəri məmulatı istehsalının başlıca mərkəzləri sayılırdı. XIX əsrin 30-40-cı illərində Şamaxıda 64, Nuxada 178 nəfər dabbağ çalışırdı. 1888-ci ildə Yelizavetpol quberniyasında 99, Bakı quberniyasında isə 157 dabbağxana fəaliyyət göstərirdi.

Azərbaycanın ənənəvi dabbağlıq məmulatı gön, sarğı, ətvi, tumac, müşkü (kosala) və xəz-dəridən ibarət olmuş, onların hazırlanması ilə dabbağ, sağrıcərd, kürkçü və papaqçılar məşğul olmuşlar. Dərinin aşılanmasında sarağan yarpağı, sumaq yarpağı, cır nar, əhəng, mis ovuntusu, naşatır, dəniz suyu, quyruq yağı və s. vasitələrdən istifadə olunur. Gön və sağrı qurudulmuş sarağan yarpağının dingdə döyülməsindən alınan unla, qoyun və keçi dərisi sumaq yarpağı, camış gönü isə cır nar vasitəsilə aşılanır. Sarğı və ətvinin aşılanması üçün aş və ya mayanın hazırlanması, onların tətbiqi xüsusi hazırlıq tələb edir. Ona görə də bu məmulatın istehsalı ənənəvi dabbağlıq mərkəzlərinin hamısında yayılmamışdı. Ətvi mis ovuntusu və naşatır qatışığından hazırlanmış xüsusi maya ilə aşılanır, başmaq və yəmənilərin dabanına, köbəsinə işlədilir, yəhərin qaşına bəzək salınır. Sarğıda isə dəri aşa qoyulmazdan əvvəl qaşovlama, tumlama, tişəmə kimi müxtəlif əməliyyatlardan keçir, ondan sonra sarağan aşına qoyulurdu. Sarğı qara, sarı və yaşıl rənglərdə hazırlanırdı. Qara sarğı soyuq silahların (xəncər, qılınc, qəmə və s.) qınına, tüfəngin qundağına, tapançanın dəstək və qoburuna, yəhər qaltağının qaşına işlənirdi, yaşıl sarğıdan başmaqlar, uzunboğaz çəkmələr tikilirdi. Aşılanmış camış və sığır gönünün əsas müştərisi başmaqçı, çəkməçi, sərrac, çarıqçılar idi. Gönün qalın yeri altlığa, nazik yeri isə üzlüyə sərf olunurdu. Tumac qoyun dərisindən, müşkü isə keçi dərisindən, sarğı və ətvi isə at, qatır və uzunqulaq gönündən aşılanıb hazırlanır və onlardan yəhər, milli ayaqqabıların (başmaq, yəməni, nəleyin), xəncər ləvazimatının və s. hazırlanmasında istifadə olunurdu. Müasir dövrümüzdə bu qədim sənət növü bəzi bölgələrimizdə tanınmış ustalar tərəfindən yaşadılır.