AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Popuri

Nümunənin reyestr kodu : FM0401020011

“Poppuri” iki hissəli rəqs yallısıdır. Araz ətrafı kəndlərdə – Çərçiboğan, Arbatan, Qarahəsənli, Tumaslı, İbadullah və s. daha çox yayıldığı üçün həm də “Arazı” kimi tanınır. Rast ladında səslənən yallının birinci hissəsi 2/4 (andante), ikinci hissəsi isə 6/8 vəzn ölçülərində (vivo) nota alınıb.

“Popuri” yallısını həm qadınlar, həm də kişilər qarışıq şəkildə, çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq oynayırlar. İfaçılar dairəvi birləşərək tullanış hərəkəti ilə iki addım atdıqdan sonra sağ ayağın dabanını üç dəfə qaldırıb yerə vurmaqla davam edir. Cəld və çevik hərəkətlərlə ifa olunan yallı iki hissəlidir.

Yallının II hissəsində hərəkətlər I hissədəki hərəkətlərin eynidir, lakin iti tempdə oynanılır. II hissənin fərq​li cəhəti budur ki, bəzi gedişləri ifa edərkən əl çalmaqla yanaşı rəqqaslar yallıbaşıdan başlayaraq sol ayaq üstə atı​laraq (sola) 360° dönürlər. Rəqs o vaxta qədər davam edir ki, bütün iştirakçılar öz ətrafında sola dönmüş olurlar.