AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Misgərlik

Nümunənin reyestr kodu : ST0702000001

Eneolit abidələrindən aşkar edilən metal məmulatı qalıqları göstərir ki, Azərbaycanın qədim əhalisinin mənimsədiyi ilk metallardan biri mis olmuşdu. Kiçik Qafqaz ərazisində Gədəbəy, Balakən, Zəylik, Çovdar və Daşkəsən ətrafında mis filizi yataqlarında qədim mədən izləri, Yuxarı Daşkəsən, Quşçu, Bayan, Dəstəfur, Alabaşlı kəndləri yaxınlığında isə metaləritmə kürələrinin qalıqları aşkar olunmuşdu.

Azərbaycanda metalişləmənin inkişaf etmiş sahəsi olan misgərlikdə çox erkən başlanan sənətdaxili ixtisaslaşma orta əsrlərdə olduğu kimi, XIX əsrdə də davam etmişdi. Adətən, iri misgər dükanlarında istehsal prosesləri üzrə ənənəvi peşə bölgüsü (misəridən, hilizləyici, qırsgir, tapunçu, körükbasan, misqızdıran, çarxçı, həkkak və s.) ilə yanaşı, məmulat növləri üzrə də dar ixtisaslaşma getmişdi.

Misgər dükanlarında texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülür. İstehsal proseslərinin (misin əridilib qırs halına salınması, istidöymə yolu ilə yastılanması, pəstahların döyülüb ilkin formaya salınması, onların calanıb birləşdirilməsi, çarxlama, naxışlama, qalaylama və s.) tələbinə uyğun misgər dükanlarında hər cür tutucu, kəsici, tapdayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlər işlədilir.

Misin əridilməsi ilə dükan sahibi usta (misgər), 1-2 nəfər kargər və şagirdin köməyi ilə məşğul olurdu. Kargərlərdən biri körük basır, digəri isə hilizləyici (ərpin yığılması) vəzifəsini daşımaqla, gil qəlibləri şirləyir və hazır ərintini qəliblərə tökürdü. Şagird isə kürənin odluğuna müntəzəm surətdə kömür atır və körük basırdı. Misəritmədə qoşa körüklü xüsusi kürə, müxtəlif ölçülü gil qəliblər, ərintini qəliblərə tökmək üçün böyük və kiçik ölçülü çömçə, ərintini təmizləmək üçün uzun dəstəkli ödrəngdən (qaşıyan) istifadə olunurdu. Misgərxanalarda, adətən, xam və köhnə mis olmaqla, iki cür xammal işlənir.

Mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşür. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənib qruplara bölünür. İşin xüsusiyyətindən asılı olaraq, qırslar mərhələ-mərhələ döyülür və tapdanaraq “girdəbur” adlanan qalın yayma halına salınır. Bu prosesdə “misgər”, yaxud “qırsgir” adlanan usta, çəkicvuran (tapunçu), köməkçi, mis isidən, körükbasan iştirak edir. Keçmişdə muzdla işləyən tapunçu dəstələri olurdu. Müvəqqəti tapunçu dəstələri sifariş əsasında işləməklə, növbə ilə misgərxanalara xidmət edirdilər. Bu qayda ilə misgər dükanında iki nəfər köməkçi ilə daimi çalışan, hər bir misgərin 1-1,5 aylıq işinə kifayət edəcək miqdarda (təxminən 8-10 puda qədər) mis lavaşası tədarük olunurdu. Qırsın döyülməsi prosesində tov kürəsi, qiblə zindan, müxtəlif növ çəkic, kəlbətin, qayçı və s. işlənirdi. Bir qayda olaraq, dərin qablar bir neçə hissədən (dib, orta, boğaz, qulp, lülək və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılır. Qabın gövdəsini təşkil edən əsas hissələr “calğa” adlanır, calğalar lehim vasitəsilə qaynaq edilir.

Ənənəvi misgərlik sənətində qalay, qurğuşun və duzdan hazırlanmış “qaraqaynaq”, sink, bürünc və tənəkardan ibarət “misqaynaq” adlanan iki cür lehim işlədilir. Lehimləmə əməliyyatından sonra mis məmulatının bir qismi çarxa verilərək onların səthində qalan çəkic izləri itirilib hamarlanır. Mis məmulatının bu qrupu “çarxı” qab, çarxa verilməyən qablar isə “qaratapdaq” adlanır. Bəzi qablar “həkkak” və ya “yazıçı” adlanan nəqqaşlar tərəfindən naxışlanır. Həm xara, həm də izafə qablar paxır verməsin deyə qalaylanır. Qalaylama əməliyyatına təkcə təzə hazırlanmış mis məmulatı deyil, paxırı üzə çıxmış köhnə qablar da məruz qalır. Ona görə də qalayçılıq müstəqil peşə növünə çevrilmişdi.

Orta əsr feodal məişətinin artan tələbi ilə əlaqədar, qədim misgərlik ənənələri daha da inkişaf etmişdi. Bu dövrdə mis məmulatı istehsalı sənət və ticarət mərkəzlərinə çevrilmiş feodal şəhərlərində cəmləşmişdi. Orta əsrlərdə Təbriz, Ərdəbil, Marağa, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzlərinə çevrilmişdi. XIX əsrdə 52 misgər dükanı olan Lahıc kəndi mis məmulatı istehsalında xüsusi yer tuturdu və bu gün də həmin ənənəni davam etdirir. XIX əsrin sonu-XX əsrin əvvəllərində Gəncə, Şuşa və Bakıda mis qab istehsal edən müəssisələrin sayı artmışdı.