AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İdiofonlu çalğı alətləri

Nümunənin reyestr kodu : ST0801000001

Идиафонлу мусиги алятляри

Azərbaycanın idiofonlu çalğı alətlərinə əlvah, laqquti dəsti, çınqıraq dəsti, zəngi-şotor, musiqili ritm daşları, müsəlləs, barmaq zili, cəlacil, kiçik qaşığek, kuzə dəsti, nəlbəki dəsti, sini və s. adlarla tanıdığımız musiqi alətləri daxildir. Morfologiyasına, səslənmə tərzinin sadəliyinə görə bu alətlər digər qruplara aid edilənlərlə müqayisədə daha qədim sayılır və buna görə musiqi alətşünaslığında həm də çalğı alətlərinin “əlifba”sı adlandırılır.

Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə edilən 35-ə qədər idiofonlu çalğı aləti məlumdur. Bu alətlər səs mənbəyini alətin hazırlandığı materialdan, onun detallarından alır. Diatonik səs düzümünə malik əlvah, kasa dəsti, kuzə dəsti, laqquti dəsti, nəlbəki dəsti, çınqıraq dəsti kimi idiofonlu çalğı alətlərində solo halda istənilən musiqi melodiyasını ifa etmək mümkün olduğu halda, digər idiofonlu alətlərdən – barmaq zili, cəlacil, cınqırov, çaharpara, çan, çınqıraq, dəray, hövsər, xalxal, kaman, qavaldaş, laqquti, məcməyidən və s. yalnız müşayiətedici alət kimi istifadə olunur. İbtidai təsir bağışlamasına baxmayaraq, idiofonlu çalğı alətlərinin müsəlləs, sinc, ağız qopuzu və səfail kimi bir çox növlərindən peşəkar musiqi yaradıcılığında da istifadə olunur.

Bəzi idiofonlu musiqi alətlərinin icad olunmasında Əbdülqadir Marağalı, Xoca Raziəddin Rizvanşah kimi musiqişünas alimlərimizin böyük xidmətləri olmuşdu. Məsələn, Ə.Marağalının icad etdiyi və geniş diapazona sahib əlvah alətində XIV-XV əsrlərdə Şərqdə yayılan bütün muğamları ifa etmək mümkün idi. Onun məişətdə istifadə olunan kasalardan istifadə etməklə icad etdiyi, ilk dəfə 1378-ci ildə Ərdəbildə Şeyx Sədrəddinin hüzurunda ifa etdiyi çini kasa dəsti də xüsusi maraq doğurur. Bu dəst 76 müxtəlif ölçülü kasadan ibarət idi və kasaların çıxardığı səs onların içinə su tökülməklə tənzimlənirdi. Kuzə dəsti isə Xoca Raziəddin Rizvanşah tərəfindən icad olunmuşdu.

Qədim idiofonlu çalğı alətlərindən olan qaval daşından musiqi aləti kimi istifadə olunması təxminən 15-20 min il əvvələ – bölgədə ilk insanların yaşadığı dövrə təsadüf edir. Qobustanda böyüklüyünə və səs tembrinə görə iki qavaldaşı xüsusilə seçilir. Onlardan biri Cingirdağın, digəri isə Böyükdaş dağının şimal-şərq ətəyində yerləşir. Bu ərazilərdə ovçuluq və maldarlıqla məşğul olan qəbilələr yaşadığından həmin alətlərdən də onların istifadə etdiyi ehtimal olunur. Qavaldaşın ətrafında ocaq qalayıb onun müşayiəti ilə insanların yallı getdiyi qayaüstü təsvirlərdə də əks olunub. Qavaldaş iki qaya çıxıntısı üstündə duran yastı əhəng daşından ibarətdir. Daşın içində müxtəlif ölçülü çaqqanaqlar, yəni balıqqulaqları vardır. Balıqqulaqlarının içində boşluq və məsamələr olduğu üçün daşın üzərinə döydükdə müxtəlif tonlu səslər çıxarır.

İdiofonlu çalğı alətləri səslənmə üsuluna görə 4 qrupa bölünür:

1. Vurulanlar – barmaq zili, çaharpara, çınqıraq dəsti, əlvah, hövsər, kasa dəsti, kiçik qaşığek, kuzə dəsti, qavaldaş, laqquti dəsti, məcməyi, musiqili ritm daşları, müsəlləs, naqus, nəlbəki dəsti, sinc, sini teşt.

2. Silkələnənlər – cəlacil, cərəs, cınqırov, çan, cınqıraq, dəray, xalxal, qumrov, zəng, zəngi-şotor, zıngırov.

3. Dartılanlar – ağız qopuzu.

4. Qarışıq alətlər – böyük qaşığek, kaman, səfail, şax-şax. Bu qrupa məxsus alətlər həm vurulmaq, həm də silkələnməklə səsləndirilir.

Hazırlanma materialına görə isə idiofonlu alətlərin aşağıdakı növləri məlumdur: daş səsli (litofon), ağac səsli (ksilofon), gil-saxsı səsli (portselanofon), metal səsli (metallofon)qarışıq – daş və metal səsli (lito və metallofon).

İdiofonlu musiqi alətləri qədim insanların yaratdığı ilk çalğı alətləri idi. Digər musiqi alətləri ilə müqayisədə daha primitiv, melodik cəhətdən yoxsul olmasına baxmayaraq, dövrümüzədək gəlib çıxmışdı. Sonrakı dövrlərdə isə daha mükəmməl idiofonlu alətlər meydana çıxmışdı. Məsələn, Əbdülqadir Marağalının icad etdiyi əlvahın “ksilofon tipli alətlər”ə, adi laqqutinin “laqquti dəsti”nə, kasaların “nəlbəki dəsti”nə, çınqırağın “çınqıraq dəsti”nə və s. çevrilməsi buna misal ola bilər.