AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rast

Nümunənin reyestr kodu : FM0302080001

Azərbaycan klassik musiqisində birinci əsas muğam olan “Rast” bütün Şərq ölkələrinin şifahi ənənəli professional musiqisində 12 əsas muğamdan biridir. Orta əsr musiqi elmində “Rast” ən birinci muğam sayılmış və muğamların anası hesab edilmişdi. Qədim muğamlardan biri olan “Rast” əvvəlki mahiyyətini bu günədək qoruyub saxlayır.

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” əsərində əksər muğamların dəyişikliyə uğradığını, yalnız “Rast”ın zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam olduğunu qeyd edərək yazır: “Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mənasına tamamilə uyğun gəlir. “Rast” düz, doğru deməkdir”.

XIX əsrin görkəmli alimi Mir Möhsün Nəvvabın “Vuduhul-ərqam” risaləsində “Rast” muğamı Rast, Pəncgah, Vilayəti, Mənsuriyyə, Zəmin-xarə, Raki-hindi, Azərbaycan, Əraq, Bayatı-Türk, Bayatı-Qacar, Mavərənnəhr, Bali-kəbutər, Hicazi, Şahnaz, Əşiran, Zəngi-şotor, Kərküki kimi 17 şöbə və guşəni özündə birləşdirir. Həmin dövrdə Azərbaycanın müxtəlif regionlarında yerləşən xanəndəlik məktəblərində “Rast”in tərkibindəki şöbə və guşələrin ardıcıllığında müstəqillik özünü göstərirdi. Bakı, Şuşa və Şamaxı muğam məktəblərində “Rast” dəstgahının şöbə və guşələrinin say və ardıcıllığını müqayisə etdikdə Bakı musiqi məclislərində 15, Şuşa məclisində 18, Şamaxı məclisində 21 şöbə və guşədən ibarət olduğu görünür.

Bakı (Abşeron) xanəndəlik məktəbində “Rast” muğamına daxil olan şöbə və güşələr: Mayeyi-Rast, Novruzi-rəvəndə, Rast, Üşşaq, Hüseyni, Vilayəti, Xocəstə, Xavərən, Əraq, Pəncgah, Rak, Xavəran, Əmiri, Məsihi, Rast.

Şuşa (Qarabağ) xanəndəlik məktəbində “Rast” muğamına daxil olan şöbə və güşələr: Rast, Pəncgah, Vilayəti, Mənsuriyyə, Zəmin-xarə, Rak-hindi, Azərbaycan, Əraq, Bayatı-türk, Bayatı-Qacar, Mavərənnəhr, Bali-kəbutər, Hicaz, Şahnaz, Əşiran, Zəngi-şotor, Kərküki, Rast.

Şamaxı (Şirvan) xanəndəlik məktəbində “Rast” muğamına daxil olan şöbə və güşələr: Rast, Üşşaq, Mücrü, Hüseyni, Vilayəti, Siyahi-ləşkər, Məsihi, Dəhri, Xocəstə, Şikəsteyi-fars, Rak-hindi, Rak-Xorasani, Saqinamə, Əraq, Təsnif-Qərai, Məsnəvi, Zəngi-şotor, Nəğmeyi-hindi, Məsnəvi, Kabili, Rast.

Görkəmli tarzən Mirzə Fərəcin (1847-1927) tərtib etdiyi “Rast” muğam dəstgahına daxil olan şöbə və guşələr bu muğamın Şamaxı muğam məclisində ifa olunan şöbə və guşələrinin ardıcıllığına daha çox uyğundur. Ü. Hacıbəylinin imzası ilə 1925-ci ildə təsdiq olunmuş proqramda “Rast” dəstgahı Rast, Üşşaq, Hüseyni, Vilayəti, Məsihi, Dəhri, Xocəstə, Xavəran, İraq, Pəncgah, Raki-Xorasan, Qərai, Rast ardıcıllığı ilə göstərilmişdi. Hazırda “Rast” dəstgahı Bərdaşt, Mayeyi-Rast, Üşşaq, Hüseyni, Vilayəti, Dilkəş, Kürdü, Şikəsteyi-fars, Əraq, Pəncgah, Rak, Qərai, Rasta ayaq (kadans) olmaqla 13 şöbə və guşə ardıcıllığı ilə ifa olunur.

İnsanların ruhuna hakim olan, onlarda mərdlik, mübarizlik kimi hisslər oyadan “Rast” muğamını XIX əsrdən başlayaraq bu günədək Azərbaycanın, demək olar ki, bütün tanınmış muğam ustadları ifa etmişlər: Səttar, Hacı Hüsü, Məşədi İsi, Malıbəyli Cümşüd, Mirzə Məhəmmədhəsən, Ağabala Ağa Səid oğlu, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Eynulla Cəbrayılov, Nəzakət Məmmədova, Səxavət Məmmədov, Məmmədbağır Bağırzadə və b. Hazırda “Rast” muğamı görkəmli xanəndələr Səkinə İsmayılova, Alim Qasımov, Mənsum İbrahimov, Bəsti Sevdiyeva, Teyyub Aslanov, Təyyar Bayramov, Səbuhi İbayev və başqalarının simasında öz layiqli ifasını davam etdirir.