AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərbi-muğamlar

Nümunənin reyestr kodu : FM0304000001

Zərbi muğamlar

Zərbi-muğamlar şifahi ənənəli professional Azərbaycan musiqisində geniş yayılmış janrlardan biridir. Birhissəli kompozisiyalardan ibarət zərbi-muğamların özünəməxsus səciyyəvi cəhətləri vardır. Zərbi-muğam öz adını vokal-instrumental muğamların ifası zamanı xanəndəni müşayiət edən instrumental ansamblın tərkibində zərbli alətlərdən geniş istifadə olunmasından götürür. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiətin dəqiq ölçüsünə əsaslanır. Burada melodiyanın metro-ritmik sərbəstliyi müşahidə olunur.

Zərbi-muğamların vokal partiyasının musiqi məzmununu müxtəlif versiyalarda təkrarlanan musiqilər təşkil edir. Melodik xətt tədricən daha yüksək gərginlik, emosional həyəcan kəsb edir. İfa boyu vokal partiya virtuoz səciyyəli instrumental epizod-rənglərlə növbələşir. Bütövlükdə zərbi muğamların məzmununun açılması ifaçılıq üslubundan asılıdır. Bu mənada reçitativ-deklamasiya üslubu ifaçı-xanəndələr üçün geniş yaradıcılıq imkanları yaradır.

Zərbi-muğamların ifası zamanı dəqiq metrik ölçülü instrumental müşayiətin fonunda xanəndə bərsiz, yəni improvizə səciyyəli muğam melodiyası, muğam şöbəsi oxuyur. Zərbi-muğamların hamısı instrumental giriş melodiyası ilə başlayır. Xanəndənin oxumaları arasında çalınan instrumental epizodlar “araçalğı” və ya “zərbi-muğam rəngləri” adlanır.

Zərbi muğamların hər birinin müstəqil adı vardır: “Heyratı”, “Arazbarı”, “Səmai-Şəms”, “Mənsuriyyə”, “Mani”, “Ovşarı”, “Heydəri”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”. Muğam sənətinin terminalogiyası kimi zərbi muğamların da adları müxtəlif məna kəsb edir. Bu adların bəziləri yer, məkan adları ilə (“Heyratı”, “Arazbarı”, “Qarabağ şikəstəsi”), digərləri musiqinin obrazlı-emosional quruluşu (“Səmai-Şəms”), bəziləri şəxs (“Mənsuriyyə”, “Heydəri”) və ya qəbilə adı ilə (“Ovşarı”) adlandırılır. Zərbi muğamlar Azərbaycan xalq musiqisində həm vokal-instrumental, həm də instrumental ifa şəklində mövcuddur.

Zərbi-muğamların hər biri müvafiq lad-məqama əsaslanırlar. Zərbi-muğamların sırasına bir sıra şikəstələr də daxildir. Şikəstələr yalnız segah ladına əsaslanır və segah muğamı üzərində oxunurlar. Zərbi-muğamların əksəriyyəti klassik qəzəl ilə oxunduğu halda, şikəstələrin hamısı heca vəznində olan xalq şeirləri ilə, bayatılarla oxunurlar. Zərbi-muğamları lad-məqam əsasına görə 5 qrupa bölmək olar: 1. Rast ladına əsaslanan. 2. Şur ladına əsaslanan. 3. Segah ladına əsaslanan. 4. Çahargah ladına əsaslanan. 5. Şüştər ladına əsaslanan.

Muğam dəstgahlarında olduğu kimi zərbi-muğamlarda da Azərbaycanın görkəmli şairləri – Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və başqalarının qəzəllərinə müraciət olunur. Bəzi zərbi-muğamlarda isə bayatı, qoşma seir formasından istifadə olunur.