AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xızır Nəbi

Nümunənin reyestr kodu : DR0203000004

Xızır islam coğrafiyasında geniş yayılmış peyğəmbərlərdən birinin adıdır. İslamdan əvvəlki təsəvvürlərlə bağlı olan Xızır obrazı əfsanəvi qəhrəmanlığı ilə həm folklor, həm də xalq inanc və etiqadlarında geniş yer tutur. Azərbaycan folklorunda daha çox Xızır/Xıdır Nəbi adı ilə tanınan bu kult, demək olar ki, bütün folklor janrlarına nüfuz etmişdir. O qədər böyük inam qazanmışdır ki, xalq bu kultu and yerinə çevirmişdir. “Xızıra and olsun”, Xızır haqqı”, “O gözəgörünməzə and içirəm” kimi andlar bu qəbildəndir. Dirilik suyu içərək ölməzlik qazanan, əlini vurduğu quru budağı, ayağı dəydiyi şoran torpağı yaşıllaşdıran Xızır Nəbi Azərbaycan folklorunda daha çox yazın gəlişi ilə əlaqələndirilir. Xızır adının mənası da ərəbcədən tərcümədə “yaşıl”, “yaşıllaşdıran”dır. “Xızır harda namaz qılsa, o yer yaşıllığa qərq olar”, “Quru yer üzərinə oturanda altında otlar yaşıllanıb dalğalanar” deyimləri buna misaldır. Xızırın dara düşən şəxslərin gözünə boz atın üstündə yaşıl don geyinmiş bir şəxs kimi görünməsi də onun yaşıllıq məbudu olmasından xəbər verir.

Xızır Azərbaycan folklorunda daha çox imdada yetən, darda qalanlara kömək edən və “baharı gətirən” obraz kimi tanınır. İllərdir ki, Novruzdan əvvəl fevral ayının ilk ongünlüyündə “Xıdır/Xızır Nəbi” bayramı keçirilir, “Xızır Nəbi, Xızır İlyas, Bitdi çiçək, gəldi yaz”, “Xızır, Xızır Xız gətir, Var dərədən od gətir” deyərək onun şəninə nəğmələr qoşulur, adına səməni göyərdilir, qovut bişirilir, ocaq qalanır, Xızırdan yazın istiliyi, odu istənilir. Xızırın xalqı xətadan, bəladan, xəstəlikdən qurtaracağı ilə bağlı inamlar da buradan yaranmışdır.

Xızır folklorda sadəcə yaz mərasimləri ilə bağlı deyildir. Folklorda elə bir janr tapılmaz ki, orada Xızırla bağlı nümunələrə rast gəlinməsin. Arxaik janrlardan – andlardan (Xızıra and olsun), ovsunlardan (doğmayan qadınların su kənarına aparılması, Xızırın adına ovsun oxunaraq ondan övlad istənməsi), inanclardan (Xar tutu kəsmək olmaz. Onu Xızır əkib.) tutmuş folklorun iri həcmli janrı olan dastanlara qədər Xızır obrazına rast gəlinir. Dastanlarda Xızır qəhrəmanın ən böyük yardımçısıdır. O, övlad həsrəti çəkən insanlara kömək edir, qəhrəmana ad qoyur, ona buta verir, qəhrəman müxtəlif sınaqlara məruz qaldıqda ona kömək edir, onu çətinlikdən qurtarır, itənlərə yol göstərir, hətta düşmən tərəfindən öldürülmüş qəhrəmanı dirildir. Beləliklə, Xızır Azərbaycan folklorunda aşağıdakı funksiyaları yerinə yetirir: xilaskarlıq, itənlərə yol göstərmə, buta vermə, aşiq etmək, sonsuzlara övlad vermək, gəncliyin hamisi, başqa sözlə, gənclik, ailə, məhəbbət məbudu, adqoyma, ölüləri diriltmə, bərəkət, bolluq hamisi.

Xızır Azərbaycan folklorunda Xızır İlyas, Xızır Nəbi, Xıdır Əlləz və Xıdır Zində adları ilə tanınır. Xızır adının şifahi ənənədə bu qədər variantlaşması obrazın keçdiyi tarixi inkişafdan və regionun dialektlərindən asılıdır.

Xızır İlyas, başqa sözlə İlyas – Xızırın “Qurani-Kərim”​dən əvvəlki səmavi kitablardakı adıdır. Bu ad Tövratdan gəlmədir. Ehtimal etmək olar ki, İlyasın Xızır ləqəbi ilə adlandırılmasına səbəb onun yaşıllıq məbudu olmasıdır. Belə ki, Xızır ərəbcədən tərcümədə yaşıl, yaşıllıq deməkdir.

Xızır Nəbi – Nəbi sözünün mənasının peyğəmbər olduğunu nəzərə alsaq, Xızır Nəbi sadəcə Xızır peyğəmbər deməkdir.

Xıdır Elləz və ya sadəcə Elləz – Elləz İlyas sözünün ləhcə və dialektə görə başqa formada səsləndirilməsidir. İndi də bir çox kənd yerlərində İlyas adında olan şəxslər Elləz kimi çağırılır.

Xıdır Zində – Zində ərəbcədən tərcümədə “diri” demək​dir. Burada isə Xızır peyğəmbərin ölümsüzlüyünə, dirilik suyu içib əbədi həyat qazanmasına və həmişə diri, sağ qalmasına işarə olunur.

Bütün bu obrazların dərindən araşdırılması bir daha göstərir ki, onlar eyni bir obrazın adlanma baxımından fərqli variantlarıdır.