AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ramazan bayramı

Nümunənin reyestr kodu : DB0103000001

Ramazan müsəlmanlar tərəfindən əsrlərdən bəri qeyd olunan iki böyük dini bayramdan biridir. Ramazan bayramı bir ay boyunca Allah üçün tutulan orucdan sonra verilən bir “iftar ziyafəti” hökmündədir və ona “iftar (fitr) bayramı” da deyirlər. Bayramın “Ramazan” adlandırılması islamda müqəddəs sayılan ayın adı ilə bağlıdır. Müsəlmanlara görə Allah Qurani-Kərimi Ramazan ayında nazil etmişdir. Qurani-Kərimin əl-Bəqara surəsinin 185-ci ayəsində bu barədə deyilir: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar”. İslamda oruc Allaha ibadətin bir forması olub, insan nəfsinin paklaşdırılması, ruhun saflaşdırılması, pislik və eybəcərliklərdən xilas olması və s. kimi əxlaqi keyfiyyətləri özündə ehtiva edir.

Orucluq mərasimi 624-cü ildən etibarən həyata keçirilməyə başlamışdır. Belə ki, islam din xadimlərinin fikrincə, Quran hicri tarixinin ramazan ayında nazil olmuşdur, buna görə də müsəlmanlar bu ayda Allahın şərəfinə oruc tutmalı və ona həsr olunmuş xüsusi ibadətlər keçirmək yolu ilə Onu mədh etməlidirlər. Müsəlmanlığın 5 rüknündən (vacib buyurulan şərtlər) biri sayılan oruc tutmaq özünün ən mükəmməl səviyyəsini islamda tapıb. Mahiyyət etibarilə ramazan ayında bir ay müddətində oruc saxlanılır və səhər tezdən sübh vaxtı günəş çıxanadək sahura qalxıb yemək yeyilir, bundan sonra oruc başlayır, bir də axşam gün batandan sonra iftar açılır. Yəni, günəş göründüyü vaxtlar oruc zamanıdır. Lakin oruc tutmaq hamı üçün məcburi deyildir. Oruc tutmaq müəyyən olunmuş vaxt kəsiyində özünü dünya nemətlərindən uzaqlaşdırmaqla bərabər, ilk növbədə Allaha ibadət etməkdir. Çünki orucluq zamanı görülən işlər Allah yolunda görülən savablardır. İslam dünyasında o ən pak, saf və təmiz ay hesab olunur. İlk növbədə Allaha yaxın olmaq üçün niyyət tutulur. Bu bayram zamanı şərab əsla içilməz, yalan danışılmaz, böhtan atılmaz və pis işlər görülməz. İnsanlara qarşı münasibətlərdə hörmətcil olmaq, qəlb qırmamaq və mərhəmət göstərmək tövsiyə olunur. Oruc vaxtı evə qonaq dəvət edib süfrə açmaq savabdır. Oruc tutmaq nəfsi saxlaya bilmənin vicdani imtahanıdır.

İslam inancına görə, Qədr gecəsi mübarək gecədir, çünki Allah bu gecə xeyir-bərəkət nazil edir. Qədr gecəsinin hansı günə düşməsi ilə bağlı islamda dəqiq fikir yoxdur. Yalnız Qədr gecəsinin ramazanın son on gecəsindən biri və ayın tək günü (vitr) olması haqqında yekdil rəy vardır. Ona görə də müsəlmanlar ramazan ayının son on gününə düşən bütün tək gecələri (19, 21, 23, 25, 27-ci gecələr) oyaq qalıb “ihya gecələri” kimi ibadətdə keçirir, Quran oxuyur, Allaha dua edirlər.

Ramazan ayı “Eydül-fitr” deyilən orucluq bayramı ilə başa çatır. Fitr bayramı orucluq qurtaran günü şəvval ayının girməsi ilə başlayır. Bu zaman ilk növbədə mömin şəxslər, oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür “oruc namazın qəbul olunsun” – deyirlər. Həmin axşam hər kəsin imkanına görə bayram süfrəsi açılır. Bu bayramın özəlliklərindən biri də bayram günü ixtiyarı öz əlində olan, azad olan hər bir müsəlmanın kasıbların xeyrinə fitrə çıxarması (verməsi) adətidir. İslamda fitrənin minimum norması müəyyənləşdirilmişdir. Bu qaydaya əsasən yoxsula verilən fitrə payı təqribən 3 kq buğda və ya buna uyğun başqa məhsulun qiymətindən az olmamalıdır. Hər kəs özü üçün və himayəsində olan hər bir şəxs üçün fitrə çıxarmalıdır. Fitrə birinci növbədə yoxsullara, ehtiyacı olanlara verilir. Üzrlü səbəbə görə oruc tuta bilməyən şəxslərin tuta bilmədiyi günlər üçün də fitrə verməsi lazımdır.

Dini bayramlar cəmiyyəti bütövləşdirir. Bayram günləri toplumun üzvləri bir-birilə qaynayıb-qarışır, bir anlığa olsa da sıxıntı və qayğılarını unudurlar. Küsülülərin barışmasını, düşmənçilik və qisas duyğularının sevgiyə çevrilməsini, kiçiklərin böyüklərə sevgi, böyüklərin kiçiklərə qayğı göstərməsini, xəstələrin ziyarət edilməsini, yaxınların və qohumların bir daha yenidən bütünləşməsini mümkün edirdi.