AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qədr gecəsi

Nümunənin reyestr kodu : DB0103000002

“Qurani-Kərim”in endirildiyi gecənin adıdır. Dilimizə ərəbcədən keçən qədr kəlməsi hökm, şərəf, güc, ucalıq mənasını verir. “Qurani-Kərim”də eyni adı daşıyan 97-ci surədə bu gecənin fəzilətlərindən bəhs olunur. Surədə “Quran”ın Qədr gecəsində endirildiyi və sözügedən gecənin min aydan daha bərəkətli olduğu deyilir. Surədə deyildiyinə görə, mələklər və Cəbrayıl Allahın izni ilə bu gecə yer üzünə enər, gecə boyunca yer üzündə sülh və əmin-amanlıq hakim olar. Surədə Qədr gecəsinin konkret hansı gün və aya düşdüyü deyilmir, amma tədqiqatçılar “Quran”ın Ramazan ayında endirilməsinə istinad edərək Qədr gecəsinin bu aya düşdüyü qənaətindədirlər. Hədislərdə bu gecənin Ramazan ayının son on gününə və ayın tək gününə düşdüyü deyilir. Bu haqda rəvayətlərdə Ramazanın 27-ci günü daha çox hallandırılsa da, konkret tarix vermək çətindir. Ona görə də müsəlmanlar Ramazanın 19, 21, 23, 25, 27-ci gecələrini əhya gecələri kimi qəbul edib ibadətlə keçirir, “Quran” oxuyur, Allaha dua edirlər ki, onları öz əməlisaleh bəndələrindən etsin, hidayət yoluna çıxarsın, onların ruzilərini bol etsin.

Bir hədisdə Qədr gecəsi əhya saxlayanların keçmiş günahlarının bağışlandığı bildirilir. Ramazanının son on gününə girdikdə Məhəmməd peyğəmbərin dünyəvi işlərdən uzaqlaşıb itiqafa çəkildiyi, gecələri ibadətlə keçirdiyi, ailəsinin isə oyaq qaldığı deyilir. Bu səbəbdən müsəlmanlar Ramazan ayının son on gecəsini, xüsusilə də 27-ci gecəni ibadət edərək keçmişdə etdiklərini bir daha təkrarlamayacaqlarını ifadə etməklə keçirirlər.

Qədir gecəsində doğulan uşaqlara Qədir və ya Qədriyyə adının verilməsi türk mədəniyyətində bu gecəyə verilən önəmi göstərir.

“Qurani-Kərim” və hədislərdə Qədr gecəsinin haqqında söylənilənlər, bu gecədə edilən dua və ibadətlərin qəbul olunacağına, əhya saxlayanların günahlarının bağışlanacağına inam bu gecənin xalq arasında daha çox sevilməsinə səbəb olmuşdur. Azərbaycanda da Ramazan ayının son günləri insanlar məscidə toplaşar, gecə səhərə qədər oyaq qalar, “Quran” oxuyub dua edərlər.

Qədr gecəsinin müəyyən əlamətləri vardır: həmin gecə ağaclar səcdə edir, axar sular dayanır, hər tərəf nura qərq olunur. İnama görə, bu əlamətləri görən şəxs kiməsə xəbər verməməlidir, xəbər verdiyi təqdirdə həmin əlamətlər qeybə çəkilir. Digər inama görə, Qədr gecəsini görən şəxs Allahdan üç dilək istəyə bilər. Həmin gecə edilən diləklər mütləq həyata keçir. Zaqataladan yazıya alınmış mətndə deyilir ki, Qədr gecəsində Dağıstanın Meşleş kəndində Şeyxəmir babanın qəbrinin üstündəki qoz ağacı səcdə edir. O ağacın səcdə etdiyini kim görsə, o, xoşbəxt olar.

Qədr gecəsi haqqında şifahi ənənədən yazıya alınmış mətnlərdə söyləyicinin özünün və ya tanıdığı adamın başına gələn hadisələrdən bəhs olunur. Bu da həmin mətnlərə gerçəklik donu geydirir, onların inandırıcılığını artırır. Qədr gecəsini görüb onu qaçıranlar, dili dolaşıb yanlış dilək diləyənlər bu mətnlərin əsas mövzusunu təşkil edir.

Tədqiqatçıların yazdığına görə, Ordubad şəhəri və ətraf kəndlər Ramazanın 15-ci gününü xüsusi təntənə ilə qeyd edərdilər. Uşaqlar dəstə-dəstə qapılara gedib torba atar, orucluq payı yığaraq oxuyardılar:

Orucun 15-dir gəlmişik sizə,

Orucun niyazın (payın) verəsiz bizə.

Həmin gün axşam iftarını zəngin süfrə ilə açardılar, sonra nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə müəyyən hədiyyələr gətirərdilər.

Qədr gecəsinin bir çox əlamətləri axır çərşənbə üçün söylənilən təsəvvürlərlə üst-üstə düşür. Axır çərşənbə gecəsində də insanlar səhərə qədər oyaq qalır. Həmin gecə sular bir anlıq dayanır, ağaclar səcdə edir, bu anı görüb dilək istəyənlər diləklərinə çatır. Bu kimi bənzərliklərdən çıxış edərək tədqiqatçılar axır çərşənbə ilə Qədr gecəsi haqqında təsəvvürlərin bir-biri ilə çulğalaşdığı qənaətindədirlər.