AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xıdır Nəbi

Nümunənin reyestr kodu : DB0204010002

İl fəsillərə bölündüyü kimi, fəsillər özləri də yarımfəsillərə ayrılır

Xıdır Nəbi xalq təqvimində qışın yarı olduğu dövrə verilən addır. İllər fəsillərə bölündüyü kimi, xalq təqvimində fəsillər də rüblərə ayrılır və bu rüblərin hər biri xalq arasında müəyyən adlarla tanınır. Yazın yarısına yazın 45-i, yayın yarısına quyruq dondu deyildiyin kimi, qışın yarısı da Xıdır Nəbi adı ilə tanınmışdır. Bu dövrlər sadəcə adlarına görə bir-birindən fərqləndirilməmiş, eyni zamanda müəyyən xüsusiyyətləri ilə seçilmiş, ayın və mərasimlərlə müşayiət olunmuşdur.

Xıdır Nəbinin keçirildiyi tarix bölgədən bölgəyə fərqlənir. Bəzi bölgələrdə Xıdır Nəbi fevralın 5-də, bəzi bölgələrdə 10-da qeyd olunur. Lənkəran-Masallı bölgəsində isə Xıdır Nəbi böyük çilədən dörd gün, kiçik çilədən isə üç gün götürür və yeddi gün davam edir. Yəni yanvarın 28-də girib fevralın 3-də çıxır.

Yaşlı nəslin dediyinə görə, Xıdır Nəbi canavarların, pişiyin və digər heyvanları kürsə gedən vaxtına düşür. Həmin vaxt güclü küləklər baş qaldırır ki, həmin küləyə xalq arasında Xıdır Nəbi küləyi deyilir. Başqa bir inama görə, fevralın beşi Xıdır Nəbinin anadan olan günüdür. Həmin gün Xıdır Nəbi zühur edir və insanlara ruzi paylayır. Təsəvvürlərin müxtəlifliyinə baxmayaraq, dəyişməz bir şey var: Xıdır Nəbi baharın gəlməsinin müjdəçisi olmuş və insanlar həmin tarixi müəyyən mərasimlərlə qeyd etmişlər. Deyilənə görə, Xıdır Nəbi girəndən sonra torpaqda hərarət artır, ona görə həmin tarixdən sonra yağan qar uzun müddət torpaqda qalmır, tez də əriyir. Lənkəran-Masallı bölgəsində Xıdır Nəbi girəndən sonra artıq kartof əkini başlayır. Yaşlı sakinlərin söylədiyinə görə, Xıdır Nəbi girən gün yerə oğru buğ, çıxan gün isə böyük buğ gəlir. Torpaqda hərarət artdığı üçün müəyyən bitkilər bu dövrdən sonra çiçək açmağa başlayır, torpağa əkilən toxum donmur.

Zəngilan rayonunda Xıdır Nəbinin girməsi münasibətilə kömbə bişirilir. Kömbənin içərisinə düymə qoyulur və kömbə dilimlənib ailə üzvləri arasında paylanılır. Düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girir, onun arzusunu gerçəkləşdirir. Kömbədən, adətən, iki ədəd bişirilir, biri ailə üzvləri arasında yeyilir, digəri qonşulara paylanılır.

Başqa bölgələrdə isə, həmin gün Xıdır Nəbi xaşılı bişirilir, ondan bir boşqab pəncərənin önünə qoyulur. Deyilənə görə, Xıdır Nəbi qovut xaşılını çox xoşlayır, ona görə Şuşa rayon sakinləri Xıdır Nəbi xaşılını qovutdan bişirirlər. Bununla əlaqədar, evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəkməz saxlanılır. Fevralın beşində həmin xaşıl bişirilir ki, evdən mütləq qovut xaşılının iyi çıxsın. Həmin xaşıldan bir qab ya yükün altına, ya da pəncərənin önünə qoyulur. İnama görə, Xıdır Nəbi o evə başa çəkərsə, həmin xaşıla əlini basacaqdır. Onda həmin il o ailə üçün xeyirli olacaq, yaxşı keçəcəkdir.

Kəlbəcər və Laçın rayonlarında həmin gün xüsusi təmtəraqla qeyd olunur. Kəlbəcər rayon Əsrik kəndində həmin gün axşamdan cavanlar bir evə yığılır, üç nəfəri bəzəyirlər. Onlardan biri Xıdır, biri kosa, biri də tülkü olur. Xıdırın başına qoyun dərisindən hazırlanmış şiş papaq qoyulur, belinə qurşaq bağlanılır. Kosanın başına keçi dərisindən düzəldilmiş papaq qoyulur, keçinin yunundan ona saqqal düzəldilir. Tülkü rolunu oynayan şəxsin də başına papaq qoyulur, arxasına isə quyruq bağlanılır. Həmin personajlar paltarlarını əyinlərinə tərsinə geyinib tanınmamaq üçün üzlərini kömürlə rəngləyirlər. Kəndin cavanları onların başına yığılır, “Xıdır Nəbi, Xıdır İlyas, bitdi çiçək, oldu yaz” beyti ilə başlayan mahnını oxuyaraq qapıları gəzib pay yığırlar. Mahnını Xıdır Nəbi oxuyur, kosa ilə tülkü isə oynayır. Kosa əlindəki qıyıq ilə ev yiyəsini qorxudub pay tələb edir. Ev yiyəsi də onlara un, yağ, konfet və sair nemətlər verir. Həmin nemətləri tülkü çiynindəki xurcuna yığır. Axşam bir evə toplaşıb yığılan paydan Xıdır Nəbi xaşılı bişirirlər. Həmin gün səhərə qədər uşaqlar oyaq qalır, müxtəlif oyunlar oynayırlar.