AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bayram-mərasim

Nümunənin reyestr kodu : DB0000000001

Azərbaycanda xalq bayramları ənənəvi və dini bayramlar olmaqla iki qrupa bölünür. Ənənəvi bayramlar çoxsaylı ayin və mərasimlərdən təşkil olunmuş, rəqs, oyun, mahnı, xalq tamaşaları kimi müxtəlif ünsürləri özündə ehtiva edən mürəkkəb bir kompleksdir. Ümumiyyətlə, bayram dini-mifoloji, arxaik ənənədə sakral sferaya bağlılığı ilə seçilən zaman kəsimidir. Adi günlərdən fərqli olaraq bayram ritual semantikası, ayin və mərasimlərin zənginliyi ilə diqqəti cəlb edir. Hər bir bayramın yalnız özünəməxsus, digər bayramlardan fərqli xüsusiyyətləri vardır. Bayram günləri keçirilən tamaşalar, oyunlar, əyləncələr, şənliklər bayrama fərdilik verməklə yanaşı, onu daha maraqlı edir və hafizələrdə uzun müddət qalmasına kömək edir. Belə bayramlar toplumu bir araya gətirməklə yanaşı, qədim inancların, adət-ənənələrin yaşamasına və yaşadılmasına kömək edir, həmçinin insanlar arasında dayanışmanı, yardımlaşmanı, bir-birinə əl tutmağı artırır. Xalqın təsərrüfat fəaliyyəti ilə bağlı olan, aqrar-magik mahiyyət kəsb edən bu bayramlar sonralar ilkin funksiyasını itirmiş və böyük əksəriyyəti günümüzdə sadəcə oyun, əyləncə kimi qavranmaqdadır.

Ciddi, rəsmi mahiyyət kəsb edən dini bayramlardan fərqli olaraq, xalq bayramları karnaval mədəniyyəti üzərində təşəkkül tapmışdı. Ənənəvi bayramlar insanın, cəmiyyətin və təbii həyatın ən vacib anı, keçid dövrləri ilə bağlı olur, ölüm və dirilmə, dəyişmə və yenilənmə bu bayramların əsas mahiyyətini təşkil edir.

Ənənəvi bayramlardan fərqli olaraq, Azərbaycanda dini bayramlar İslam dini təsəvvürləri ilə əlaqədar təşəkkül tapmışdı. Hicrətin ikinci ilindən etibarən keçirilməyə başlayan Orucluq, Qurban bayramı kimi dini bayramlar həmin dövrdən müsəlman xalqının milli bayramları səviyyəsinə yüksəlmişdi.

Mərasimlər qədim zamanlardan insan fəaliyyətinin və həyatının mərkəzində durmuş və həyatın bütün sahələrinə nüfuz edərək onu müşayiət etmişdi. Öz tarixi kökünə bağlı cəmiyyətlərdə mərasimlərə həmişə sadiq qalınmış, dəqiq icrasına toplumun bütün üzvlərinin uğurunun təminatı kimi baxılmışdı. Zaman keçdikcə müəyyən dəyişikliyə uğrasa da, ata-babadan miras qalmış bir çox mərasimlər Azərbaycanda bu gün də davam etdirilir. Xalqımız dekabrın 21-də Böyük çillənin (qışın gəlməsi) daxil olması ilə (21 dekabr-31 yanvar) Çillə bayramını, Kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq, insanların köməyinə çatan istilik hamisi Xıdır Nəbi bayramını, yazın gəlməsini müjdələyən İlaxır bayramını və s. qeyd edir, eləcə də bəzi bölgələrdə martın 21-22-də ölüb-dirilməni simvolizə edən “Padşah oyunu” oynanır. Arxaik dövrlərdə ayin və mərasimlər dini-magik funksiya daşımış, toplumun rifahına, məhsuldarlığa, artıma xidmət etdiyi halda, müasir cəmiyyətdə bəzi mərasimlər dini-magik funksiyasını itirərək sadəcə əyləncə, oyun kimi hafizələrdə qalmışdı.

Ayin və mərasimlərdən danışdıqda qeyd etmək lazımdır ki, onlar işarələr sistemindən ibarətdir (rəqs, oyun, söz, musiqi, mimika, pantomima, oxuma və s.). Mərasimlər bu gün incəsənətin əsası olan bir çox sənət sahələrinin mənbəyini təşkil edir. Ona görə də hər bir xalqın ayin və mərasimləri həmin xalqın mədəniyyətinin, incəsənətinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.