AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Adət-ənənə

Nümunənin reyestr kodu : DA0000000001

Azərbaycan adət-ənənələri

Azərbaycanda adət-ənənə sosial mahiyyət kəsb edir və xalqın mətbəxi, bayram mədəniyyəti, geyimi, qonaqpərvərliyi, mərasim mədəniyyəti ilə bağlıdır. Ümumiyyətlə, adət dedikdə, “insanların davranışını, vərdişə əsaslanan hərəkətlərini, qarşılıqlı münasibətlərini idarə edən sabitləşmiş qaydalar” nəzərdə tutulur. Ətraf aləmin empirik və mənəvi dərki nəticəsində meydana çıxan və xalqın yaşam tərzini əks etdirən bu qaydalara riayət olunması ictimai rəyə əsaslanır. Adətlər üstqurum hadisəsi olmaqla ictimai varlığa daim güclü təsir etmiş, sosial-mənəvi münasibətlərin təkmilləşdirilməsi və inkişafına, insan amilinin fəallaşmasına əsaslı kömək göstərmişdi. Qədim dövrlərdə yaranan və nəsildən-nəsilə ötürülən adətlərin, yaşayış və davranış qaydalarının məcmusuna isə ənənə deyilir.

Azərbaycanda adət-ənənələr universal xarakter daşısa da, bölgədən-bölgəyə müəyyən fərqlilik, variantlılıq müşahidə olunur. Bu da Azərbaycanın tarixi inkişaf xüsusiyyətlərindən, əhalinin etnik müxtəlifliyindən, müxtəlif dinlərin nümayəndələrinin bir arada yaşamasından qaynaqlanır. Ayrı-ayrı dövrlərdə zərdüştlük, iudaizm, xristianlıq, islam və bir çox başqa dinlər ölkədə müəyyən dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdi. Bu da istər-istəməz adət-ənənələrdə müəyyən müxtəlifliyin, fərqliliyin yaranmasına gətirib çıxarmışdı.

İslam dini Azərbaycanın bütün ərazisini əhatə etmişdi; əhalinin əsas hissəsi müsəlmandır. Uşağın doğulması, ona ad qoyulması, toy, ölümlə bağlı mərasimlər İslam dinindən gələn müəyyən adət-ənənələrlə müşayiət olunur.

Cəmiyyətin inkişafı Azərbaycan ailəsində də ciddi dəyişikliklərə gətirib çıxarmışdı. XX əsrin əvvəllərində qadının kişi ilə bərabərhüquqlu elan edilməsi, kəbinin rəsmi dövlət orqanlarında qeydə alınması, qadının ictimai həyata cəlb edilməsi ailə məişətində köklü dəyişikliklərə yol açmışdı.

Azərbaycanda ən geniş yayılmış adət-ənənələrdən biri qarşılıqlı yardımlaşmadır. İnsanlar zəruri vaxtlarda bir-birinə əl tutmuş, bir-birinə kömək etməyə çalışmışlar. Qarşılıqlı yardımlaşmanın səbəbi təsərrüfat və məişətdə görüləcək iş üçün vaxt məhdudiyyəti və qısa zaman ərzində işi başa çatdırmaq üçün işçi qüvvəsinin, əmək alətləri və vasitələrinin çatışmazlığı problemi olmuşdu. Qarşılıqlı yardımlaşma təkcə məişət işlərində deyil, təsərrüfatın bütün sahələrində tətbiq olunurdu. Birgə əmək sayəsində nəinki böyük işlərin öhdəsindən gəlinir, həmçinin insanlar arasında dostluq, yoldaşlıq əlaqələri güclənirdi. Belə iməciliklər şən zarafatla, mahnı oxunması, nağıl söylənməsi ilə, bir sözlə, yüksək əhval-ruhiyyə ilə keçirilirdi. Qarşılıqlı yardımlaşma müasir dövrdə də məişətdən çıxmamış, yeni məzmun və forma kəsb etməklə bu gün də həyata keçirilir.

Azərbaycan xalqı qonaqpərvərliyi ilə seçilir. Azərbaycanlılar öz evlərində ən yaxşı otağı qonaq üçün ayırmağa, bu məqsədlə hazırlamağa, qonaq üçün xüsusi qab-qacaq alıb saxlamağa üstünlük verirlər. Kənd yerlərində yaşayan ailələrdə qonağın adına ayrıca heyvan kəsilməsi, növbənöv yeməklər bişirilməsi bir ənənə halını almışdı.

Çörəyə hörmət, böyüyə hörmət, ailədə keçirilən bayram və ənənələr nəsildən-nəsilə ötürülərək bu gün də yaşadılır. Səbəbsiz deyil ki, xarici ölkələrdən Azərbaycana gələn qonaqlar xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirirlər.