AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şərbaf

Nümunənin reyestr kodu : DA0104000068

Azərbaycanın ənənəvi toxuculuq sənətində ipək məmulatı toxuculuğu xüsusi yer tutmuş, tarixən ipək emalının əyirmə və çəkmə (sarıma) olmaqla iki başlıca üsulu formalaşmışdır. Buna müvafiq olaraq şərbaflıq sənətində istehsal texnologiyası və inkişaf səviyyəsi etibarilə bir-birindən fərqlənən iki başlıca istehsal forması – keci və xam ipək toxuculuğu təşəkkül tapmışdır.

Keci məmulatı istehsalı ilə bilavasitə kümdar qadınlar məşğul olurdu. Keci toxuculuğu baramaçılığın inkişaf etdiyi kəndlərdə daha geniş yayılmışdı. Keci sap hazırlamaq üçün barama ilk növbədə kül və sabun məhlulunda bişirilib pilə halına salınır, evdar qadınlar həmin pilədən əyirmə üsulu ilə keci sap hasil edirdilər. Əl iyi (teşi, əyircək, tağalaq) vasitəsilə pilədən əyrilən keci sap əvvəlcə ikiqat, üçqat, dördqat və s. olmaqla kələflənir, sonra yumaq halına salınır, daha sonra teşi və ya cəhrə vasitəsi ilə bükdərilirdi. İpəkçilik sənətində bu əməliyyat “tovvermə” adlanırdı.

Teşi vasitəsilə keci sapa tovvermə üsulu, xüsusilə kümdarlar arasında geniş yayılmışdı. Bunun üçün ələk və ya qazana salınmış sarıqlı teşilərin hərəsindən bir tel götürülməklə, onlar birləşdirilib başqa bir boş teşi üzərinə sarınırdı. Bunun üçün usta baş və şəhadət barmağının köməyi ilə əl iyinin yuxarı ucundan burub fırlatmaqla tellərə birgə “tov” verirdi. Keci sap cecim və üst paltarı üçün parça, yorğan-döşək üzü və s. toxumaqdan başqa, tikiş sapı kimi də işlənirdi. Daha nazik ipək teli hasil etmək üçün barama tam bişirilməyib, sadəcə isti suda isladılma yolu ilə yapışqan məhlulundan azad edilirdi. Sonra 3-4 ədəd baramanın hərəsindən bir tel ayırıb teşi vasitəsilə xam ipək sarınırdı.

Keçmiş məişətdə cecimə tələbat böyük idi. Şəhər və kənd evlərində divar boyunca döşəmə üzərinə uzadılmış dör-döşəyi, nimdər, mütəkkə, balıncpuşti, yataq döşəyi, yorğan üçün üz, taxça və camaxadan üçün pərdə, yük örtüyü, buxarı qabağı, kərdək, canamaz, süfrə və s. düzəltməkdən ötrü ən münasib cecim tipli parçalar sayılırdı. Cecim toxunuşlu ipək məmulatından bir sıra geyim növləri (köynək, şalvar, çuxa, arxalıq, qurşaq, dolaq və s.) hazırlanırdı. Bundan əlavə heybə, yəhər qaşı (zimquş, ladı çörək torbası, duz torbası, qaşıqlıq və s. kimi zəruri məişət ləvazimatı cecimdən düzəldilirdi. Bütün bunlarla yanaşı, xalis ipəkdən toxunmuş cecim keçmiş məişətdə cah-cəlal, qiymətli ev əşyası hesab edilirdi. Kecidən toxunmuş mallar yüksək keyfiyyəti, yumşaq, möhkəm və davamlı olması ilə seçilirdi. İpək məmulatının bu növü daha möhkəm və dözümlü olduğundan yarım əsrədək (40-50 il) işlədilirdi.

Cecim toxuculuğu qadın əməyi tətbiq edilən kustar ev sənətlərinin ən arxaik növü idi. Keçmişdə kümdarlıqla məşğul olan kəndlərdə qadınlar cecim toxuyurdular. Cecimi, adətən, qadınlar tək toxuyurdular. Lakin ikiqat və mürəkkəb ornamentli cecim növlərinin istehsalında toxucunun yanında ipək tellərini aralamaqla məşğul olan daha bir nəfər köməkçi – “yançı” işləyirdi. Cecim istehsalçılarının əsas hissəsini öz xammalı ilə iş görən kümdar qadınlar təşkil etsə də, əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, şəhər qadınları arasında satınalma ipəkdən cecim toxuyanlar da az deyildi. Bunların böyük əksəriyyəti ev işlərindən asudə vaxtlarda hana qurub kecidən satlıq (“bazarı”) məhsul istehsal edirdi.

Karxana şərbaflığında ixtisaslaşmanın dərinləşməsi nəticəsində istehsal prosesləri üzrə bir sıra yardımçı peşə növləri yaranmışdı. Baramanın açılıb kələf çarxı üzərinə sarınması ilə mancılıqçı, xam ipək tellərinin seçilib yenidən güpü üzərinə sarınması ilə nəqqat, ipək tellərinin tovlanması ilə tovçu, ara ipəyinin sarınması ilə sarıyıcı (lüləvəkil), çillə çəkməklə karatan, çilləni bölüb uzatmaqla karaçı, çillə taylarını nirə və şanaya düzməklə tərrah, bilavasitə toxuma əməliyyatı ilə kargər və pəstəkar, nəhayət hazır məmulatı boyamaq və naxışlamaqla boyaqçı (tavakeş) məşğul olurdu.

Xammal tədarükü və hazır məmulatın satışının təşkili şərbafın (karxana sahibinin) üzərinə düşürdü. Bəzən isə o, eyni zamanda kargər (toxucu) vəzifəsini də görürdü. Şərbaf karxanalarında xam ipək bir sıra ilkin texniki emal prosesindən keçirdi. Belə ki, xam ipək qeyri-yeknəsəq, nazik və mafraq olub bilavasitə toxuma prosesinə yaramadığından ilk növbədə bir neçə teldən ibarət çillə və lülə (ara ipəyi) hazırlanırdı. Çillə və ara ipəyinin hazırlanması isə bir sıra texnoloji prosesləri əhatə edirdi.

Toxuma və boyama zamanı “nəqqat”, “küpü” adlanan əl çarxı, “çarxto”, əl ilə fırlanan çilləçarx, “tavakeş” kimi dəzgahlardan, peştaxta, mərrə şanası, çilləçarx və əngələ adlanan bir sıra əmək alətlərindən istifadə olunurdu. Xam ipəkdən hazırlanan məmulat növləri (mov, darayı, atlaz, qanovuz, tafta, çarşab, kəlağayı və s.) bir qayda olaraq mütəhərrik ipək dəzgahlarında toxunurdu. Böyük təkamül yolu keçmiş mütəhərrik şərbaf dəzgahlarının bəzi nümunələri (yezdimo, dördayaq, kəlağayı dəzgahi) zəmanəmizədək gəlib çatmışdır.

Azərbaycan şərbaflığının başlıca sahəsini xam ipəkdən mütəhərrik dəzgahlarda toxunan zərif ipək parça istehsalı təşkil edirdi. Orta əsr şəhərlərində (Təbriz, Şamaxı, Ərdəbil, Marağa, Mərənd, Xoy, Salmas, Naxçıvan, Gəncə, Beyləqan, Qəbələ və s.) şərbaflıq sənəti xam ipək toxuculuğu ilə təmsil olunmaqla böyük tərəqqiyə çatmışdı. Xüsusilə Təbriz və Şamaxı şəhərləri uzun müddət xam ipək toxuculuğunun başlıca mərkəzləri olmuşdur. Orta əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahların, demək olar ki, hamısı ipək toxuculuğunu Şirvan əhalisinin başlıca məşğuliyyəti hesab etmişdir. Şərbaflığın bu sahəsi şəhər karxanaları ilə bağlı olub xırda əmtəə istehsalı səciyyəsi daşıyırdı. XIX əsrdə ġamaxı və onun ətraf kəndləri (Basqal, Mücü və b.) yenə də karxana şərbaflığının mühüm mərkəzi olaraq qalmaqda idi. 1843-cü ildə təkcə Şamaxı şəhərində 220 şərbaf karxanası işləyirdi.