AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Silahsaz

Nümunənin reyestr kodu : DA0104000048

Tarixən Azərbaycanda ənənəvi silahqayırma sənəti, başlıca olaraq, şəhər və şəhər tipli qəsəbələrdə cəmləşmişdir. Son orta əsrlərdən başlayaraq mərkəzi dövlət nəzdindəki silah karxanalarından əlavə, ölkənin ayrı-ayrı bölgələrində fərdi silahsazlar da fəaliyyət göstərirdi. Ölkəmizdə yerli silahqayırma sənəti Rusiya işğalınadək davam etmişdir. Şimali Azərbaycan şəhərləri arasında Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi şöhrət qazanmışdılar. XIX əsrin birinci yarısında Azərbaycanda odlu silah istehsalı məhdud səciyyə daşımasına baxmayaraq, bir sıra istehsal mərkəzlərində yüksək inkişaf səviyyəsinə çatmışdı. Uzun lüləyə malik yerli tüfənglər möhkəmliyi, sərrast atəşi və gülləsinin uzaq məsafəyə süzməsi ilə fərqlənirdi.

XIX əsrin son rübündə Azərbaycanda silah istehsalının kəskin surətdə azaldığı nəzərə çarpır. Bunun başlıca səbəbi həmin dövrdə Avropa və Rusiyanın silah zavodlarında istehsal olunan daha təkmil odlu silahların satışının genişlənməsi ilə bağlı idi.

Azərbaycan ənənəvi silahları təkcə tipoloji cəhətdən deyil, istehsal texnologiyasına görə də böyük təkamül yolu keçmişdir. İstifadə məqsədlərinə və səciyyəsinə görə ənənəvi yaraqlar soyuq və odlu silah olmaqla iki qrupa bölünür. Soyuq silahlar öz növbəsində hücum (həmlə) və müdafiə (mühafizə) yaraqları olmaqla iki qismə ayrılır. Hücum silahları atma (kəmənd, yay-ox, sapand, nizə, “durbaş” adlanan haça nizə), sancma (cəng yabası, cida), çapma (təbərzin, qılınc, xəncər) və zərbə (toppuz, gürz, əmud, şeşpər) olmaqla müxtəlif məqsədlərlə istifadə olunurdu. Ənənəvi müdafiə-mühafizə vasitələrinə zireh (“cövşən” adlanan dava köynəyi, qolçaq, dəbilqə və qalxan) daxil idi. Orta əsrlərdə Azərbaycanda xəzinəyə (şah, xan, sultan) məxsus zireh karxanalarından əlavə, iri şəhərlərdə fərdi zireh emalatxanaları da fəaliyyət göstərmişdir.

Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam etdirilmişdir. Odlu silah istehsalının genişlənməsi nəticəsində bir sıra əsləhə növləri (dəbilqə, qalxan, qolçaq, cövşən və s.) gərəksiz olmuşdur. Odlu silahların meydana gəlməsi ilə əlaqədar Azərbaycanın ənənəvi silahqayırma sənətində ixtisaslaşma baş vermiş, tüfəngsazlar tədricən soyuq silah ustalarından ayrılmağa başlamışdır.

Azərbaycanda odlu silahlar arasında tüfəng istehsalı kütləvi səciyyə daşıdığından silahqayırma sənətinin bu sahəsi, əsasən, tüfəngsazlıq istiqamətində inkişaf etmişdir. Yerli tüfəng ustaları müxtəlif sistemli döyüş və ov tüfəngləri, çaxmaqlı və pistonlu tapançalar hazırlayırdılar. Bundan əlavə, onlar asudə vaxtlarında müxtəlif sistemli əcnəbi silahların təmiri ilə də məşğul olur və çilingər vəzifəsini də yerinə yetirirdilər.

Arxeoloji materiallar Azərbayanın qədim sakinlərinin hələ daş dövrünün ilk çağlarından başlayaraq, son orta əsrlərədək müxtəlif növ soyuq silahlar – cida (mizraq), nizə, toppuz, sapand, kaman, ox, təbərzin, cəng yabası, daş və gil kürəciklər düzəltdiklərini əyani şəkildə təsbit edir. İbtidai silahların böyük əksəriyyəti minilliklər boyu daşdan, xüsusilə çaxmaq daşından və sümükdən düzəldilmişdir. Bununla belə, qədim dövrdə silah istehsalı hələ əmək alətləri istehsalından tamamilə ayrılmamışdı. Məhz bu səbəbdən də daş ustalarının əməyi universal səciyyə daşıyırdı; onlar həm əmək alətləri, həm də hücum və müdafiə silahları (xüsusilə onların ucluqlarını) düzəldirdilər.

Tunc dövründən etibarən soyuq silah növləri – xəncər, qılınc, nizə, təbərzin, cəng yabası və s. hazırlanmağa başlanmışdır. Bu silahların hazırlanması spesifik istehsal texnologiyasına malik olub, xüsusi əmək vərdişləri tələb edirdi. Məhz bu andan etibarən silahsazlıq əlahiddə sənət sahəsinə çevrilmişdir. Tuncdan hazırlanan soyuq silahların meydana gəlməsi hərb sənətinin inkişafına güclü təkan vermişdir.

Dəmirin meydana gəlməsi məhsuldar qüvvələrin inkişafını sürətləndirməklə yanaşı, həm də xüsusi mülkiyyətin möhkəmlənib bərqərar olmasına, bu isə, öz növbəsində, qənimət əldə etmək məqsədi güdən münaqişə və hərbi toqquşmaların baş verməsinə, hərbi yürüşlərin artmasına əlverişli zəmin yaratmışdır. Belə vəziyyət bir tərəfdən döyüş silahlarının təkmilləşməsini və onların tipoloji növlərinin artmasını labüd edir, digər tərəfdən isə xüsusi növ hərbi ləvazimatın (dəbilqə, qolçaq, “cövşən” adlanan cəng köynəyi, qalxan və s.) meydana çıxmasını şərtləndirmişdir.

Soyuq silah və döyüş ləvazimatının sonrakı inkişafına poladın kəşf edilməsi xüsusi təkan vermişdir. Xüsusilə, antik dövrdən etibarən xaspolad əldə etmə texnologiyasının mənimsənilməsi ənənəvi silahqayırma istehsalının inkişafına səbəb olmuşdur.

Orta əsr silah ustaları ənənəvi hücum və müdafiə silahlarını daha da təkmilləşdirməklə yanaşı, eyni zamanda qədim dövrün hərbi texnikasını yeni silah və sursat növləri (toppuz, kürz, şeşpər, əmud, mancanaq, qumbara və s.) ilə zənginləşdirmişlər. Orta əsr hərb sənətində barıtın tətbiqi yeni silah növlərinin yaranmasında müstəsna rol oynamışdır. Son orta əsrlərdə Azərbaycan silahqayıranlarının cəbbəxanasına bir sıra odlu silah növləri (müxtəlif tipli tüfənglər, tapança, zənburək və s.) daxil olmuşdur. Bununla da, soyuq silahların tətbiqi və hərbi əhəmiyyəti tədricən azalmağa başlamışdır.