AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəmirçi

Nümunənin reyestr kodu : DA0104000026

Əhalinin məişət və təsərrüfat həyatında dəmir məmulatına tələbatın böyük olması üzündən dəmirçilik sənəti təkcə sənət və ticarət mərkəzləri olan iri şəhərlərdə deyil, ucqar kəndlərə də yayılmışdı. Şəhər sənətkarlığında sənətdaxili ixtisaslaşma çox erkən başlandığından dəmirçilər bilavasitə dəmir məmulatı istehsalı ilə məşğul olurdular. “Bazar” üçün məhsul istehsalı ilə məşğul olan və hazır məmulatı əksər hallarda nağd pulla satan şəhər dəmirçilərindən fərqli olaraq, kənd dəmirçiləri sifarişlə, çox vaxt isə nağd əlmuzdu almadan, əmək haqqı natural qaydada ödənmək şərtilə işləyirdilər.

Ənənəvi metal məmulatının xeyli hissəsini dəmir əşyalar təşkil edirdi. Bu baxımdan dəmirçilik peşəsi ilə daha çox usta məşğul olurdu. Onların hazırladıqları balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, qıra (koğa), sac, sacayağı, şiş, qiyməkeş, bıçaq, qırxılıq, qənd qayçısı, parça qayçısı, manqal, maşa, xəkəndaz və s. əhalinin ev məişəti və təsərrüfat həyatında geniş yer tutmuşdur. Təsərrüfat alətlərinin istehsalı və təmiri üzrə ixtisaslaşmış dəmirçixanalara əkinçiliklə məşğul olan kəndlərin hamısında təsadüf olunurdu. Dəmirçilər zəruri təsərrüfat alətləri olan gavahın, kotan hissələri, bel, yaba, zəncir, oraq, çin, dəryaz, toxanı mövsümi səciyyə daşıyan işlər başlananadək hazırlayırlar. Dəmirçixanaların bəziləri bu və ya digər məmulat növü (çin, sac) istehsalı üzrə ixtisaslaşmışdı.

Dəmirçixanalar əsasən, bazar və ya karvansaralarda yerləşir, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirirdi. Dəmirçixananın istehsal ləvazimatı körüklü kürədən, onun yanında yerə bərkidilmiş qarağac kötüyündən, ona bərkidilmiş müxtəlif növ zindanlardan, xart çarxı və onun təknəsindən, məngənə, kirə və s. ibarət idi. Dəmirçilər dəmir məmulatının hazırlanmasında müxtəlif çeşidli istehsal ləvazimatı və alətlərdən: körüklü kürə, zindan, məngənə, tutqac, müxtəlif formalı kəlbətin, çəkic, sünbə, qəlib, qələm, qayçı, yeyə, törpü, çarx (xart), girə, qıra və s. istifadə edirdilər.

Azərbaycanda zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Arxeoloji materiallar IX-XVII əsrlərdə döymə, qaynaqetmə, bəndetmə, pərçimləmə, tökmə, məftilçəkmə, lehimləmə, basma, zərbetmə bu kimi texniki üsulların geniş tətbiq edildiyini təsdiq edir. Metal məmulatlarının ayrı-ayrı növləri üzrə ixtisaslaşmanın dərinləşməsi tökməçilik, misgərlik, zərgərlik, dəmirçilik, silahsazlıq, bıçaqçılıq, çilingərlik kimi müstəqil sənət sahələrinin formalaşmasına səbəb olmuşdur. Metalişləmədə ilk peşə dəmirçilikdir və metalişləmə ilə bağlı digər peşə sahələri ilk novbədə dəmirçilik peşəsindən qaynaqlanmış, tədricən dar ixtisaslaşma baş vermişdir.

IX-XI əsrlərdə Beyləqanda dəmirçilər silah, təsərrüfatda işlənən əmək alətləri hazırlayır, soyuq və isti döymə, tökmə, lehimləmə, məftilcəkmə, ştamplama, zərbetmə kimi texniki üsullardan istifadə etmişlər. XI əsrin sonu-XIII əsrin əvvəllərində isə burada 30-dan çox sənət və peşə arasında dəmirçilik xüsusi yer tutmuşdur. XVI-XVII yüzilliklərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Xoy, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə inkişaf etmişdir. Bayan, Daşkəsən, Quşçu və Çovdar kəndləri yaxınlığında dəmir filizi çıxarılması və bəsit əritmə üsulu ilə ondan təbəqə dəmir hazırlanması XIX əsrin ortalarınadək davam etmişdir.

Dəmirçixanaların bəziləri bu və ya digər məmulat növü (çin, sac) istehsalı üzrə ixtisaslaşmışdı. Əhalisi başdan-başa dəmirçilik və onunla bağlı peşələrlə məşğul olmuş Dəmirçi və Əhən kəndləri buna misal ola bilər. Bu cəhətdən Şamaxı qəzasının Dəmirçi kəndində sac istehsalı xüsusilə diqqəti cəlb edir. Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Yelizavetpol qəzasının Bayan, Quşçu, Seyid və Daşkəsən kəndləri, Cəbrayıl qəzasının Xocavənd kəndi, Şuşa qəzasının Ağdam icması, Nuxa qəzasının Küsnət kəndi xüsusilə fərqlənirdi.

XIX əsrin 60-cı illərində Azərbaycan şəhərlərində 400 nəfərdən çox dəmirçi işləyirdi. Dəmirçixanaların sayına görə Şamaxı, Nuxa, Şuşa, Gəncə şəhərlər arasında əsas yer tuturdular. Ölkənin sənaye inkişafı yoluna qədəm qoyması, ömrünü başa vurmaqda olan bir sıra kustar sənət sahələri kimi, dəmirçilik sənətinin də aradan çıxması prosesini sürətləndirmişdi. Bir tərəfdən təsərrüfat və ev məişətində işlənən əmək alətlərinin sənaye üsulu ilə istehsalının artması, digər tərəfdən isə kənd təsərrüfatı maşınları tətbiqinin genişlənməsi ənənəvi dəmirçilik sənətini zəiflətmişdir.