AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dabbaq

Nümunənin reyestr kodu : DA0104000023

Azərbaycanda dəriçilik bəsit xalq üsullarından başlayaraq peşəkar dabbaqlığa qədər müxtəlif inkişaf mərhələləri keçmişdir. Bəsit xalq üsulu ilə aşılama texnikası maldarlar arasında daha geniş yayılmışdı. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qabları, habelə çarıq, papaq, kürk kimi geyim vasitələrini hazırlamaq üçün əvvəlcə dəri bəsit üsulla qismən aşılanırdı. Sadə texnologiyaya əsaslanan bu əməliyyat kəpək və ya arpa unundan hazırlanmış “yal” vasitəsilə tüklərin dibini boşaldıb tökməkdən, duz, yaxud zəy vasitəsilə yumşaltmaqdan və bitki mənşəli boyaqlarla onu boyamaqdan ibarət olmuşdur.

Peşəkar dabbaqlıq sənəti mürəkkəb texnoloji proseslərlə bağlı olduğundan ixtisaslı usta əməyi tələb edirdi. Aş, yaxı və rəngabların hazırlanması və tətbiqi üsulları müəyyən dərəcədə kimyəvi-mexaniki emal proseslərinin mənimsənilməsi ilə üzvi surətdə bağlı idi.

Azərbaycanın ənənəvi dabbaq məmulatı gön, sağrı, ətvi, tumac, müşkü (kosala) və xəz-dəridən ibarət olmuşdur. Bunların hazırlanması ilə dabbaq, sağrıcərd, kürkçü və papaqçılar məşğul olurdular. Dabbaqlıq sənətində ev heyvanlarının gön və dərisi əsas yer tutmuşdur. Dabbaqxanalar gön və dərini, adətən, şəhər qəssabxanalarından, yaxud maldarlardan satın alırdılar.

Aşılama əməliyyatında iş proseslərinin çoxu su ilə bağlı olduğundan, dabbaqxanalar, adətən, iri su hövzələrinin, ən çox isə axar suların yaxınlığında yerləşirdi. Su ilə sıx bağlılıq nəticəsində dabbaqlıq sənəti mövsümi səciyyə daşıyırdı. Bir qayda olaraq, dabbaqxanalarda iş yazın əvvəllərində, havalar qızanda başlanıb, payızın soyuqları düşənədək davam edirdi. Su donan vaxt aşılama əməliyyatı dayandırıldığından dabbaqxana sahibləri xammal tədarükü və hazır məmulatın satışı ilə məşğul olurdular.

Dabbaqxananın istehsal ləvazimatı arasında “küşat” və ya “silə” adlanan qoz kötüyündən yonulmuş çənlər əsas yer tuturdu. Qozqara kötüyünün ölçüsündən asılı olaraq, dabbaq çənləri tutum etibarı ilə bir-birindən fərqlənirdi. Kiçik çən 20, orta çən 30, böyük çən 40-a qədər dəri tuturdu. İstehsalın həcmindən asılı olaraq kiçik dabbaqxanalarda 1-2, iri dabbaqxanalarda 3-4, bəzən isə 5-6 çən olurdu. Nadir hallarda isə böyük dabbaqxanalarda çənlərin sayı 8-10-a çatırdı. Dabbaqxanalarda işçi qüvvəsinin miqdarı çənlərin sayından asılı idi. Adətən, hər çəndə bir nəfər kargər işləyirdi. Dabbaqxananın istehsal ləvazimatına mis tiyan, sıyırğac, şufrə, bıçaq (gorda), tişə, qaşov (ara), qırov, vərəçü, xərçü, xortaçü, sığalçü, oxlov, qulaba, çapasəng, məsa, saldaş, keçə və ya həsir daxil idi.

Azərbaycan ərazisi aşılayıcı xassəyə malik bitki və mineral maddələrlə zəngin olduğundan dabbaqlıq sənətində əsasən yerli vasitələr: vəlgə (sarağan) yarpağı, sumaq yarpağı, cır nar, əhəng, şora, qara zağ, ağ zağ, mis ovuntusu, naşatır, dəniz duzu, kəpək, quyruq yağı, sağrı tumu işlənmişdir.

Dabbaqlar yaz-yay aylarında toplayıb qurutduqları sarağan yarpağını dingdə döyür, sarağan unu ilə gön, sağrı və ətvi aşılanırdı. Qoyun və keçi dərisi, adətən, sumaq yarpağı, camış gönü isə cır nar vasitəsilə aşılanırdı. Aşılama işində quşarmudu, ayıqulağı, qaraqovaq, palıd, vələs, söyüd, qızılağac, qoz qərzəyi və s. aşılayıcı və boyaq xassəli bitkilərdən də istifadə olunurdu.

Keçmiş məişətdə sağrı məmulatına tələbat böyük idi. Yəhər və ayaqqabıların (başmaq, yəməni, nəleyin) dəbdə olması, kişi geyim kompleksində xəncərin mühüm yer tutması sağrı, müşkü və ətviyə tələbatı artırırdı. Sağrı və ətvinin aşılanması dabbaqlıq sənətinin ən çətin sahəsi sayılırdı. Sağrı üçün aş və maya hazırlanması, onların tətbiqi spesifik xüsusiyyət kəsb edirdi. Ona görə də sağrı və ətvi istehsalı Azərbaycanın ənənəvi dabbaqlıq mərkəzlərinin hamısında yayılmamışdı. Sağrı və ətvi at, qatır, qismən də uzunqulaq gönündən hazırlanırdı.

Dabbaqlıq məşğuliyyətinin müstəqil sənət sahəsinə çevrilməsi Tunc dövrünə təsadüf edir. Tunc dövründə Azərbaycanda sakin olan tayfalar arasında sənət istehsalının müxtəlif sahələri meydana çıxmış, əmək alətləri, silah və məişət vasitələrinin hazırlanması, heyvan dərilərinin aşılanması tədricən xüsusi peşə sahəsinə çevrilmişdir.

Orta əsrlərdə Azərbaycanda gön-dəri məmulatının tətbiq sahələri daha da genişlənmişdir. Quyulardan su çıxarmaq, neft və su daşımaq üçün aşılanmış dəridən düzəldilmiş dol və tuluq ən sərfəli vasitə sayılırdı. Orta əsrlərdə Abşeron nefti dəvə karvanları vasitəsilə uzaq ölkələrə dəri tuluqlarda daşınırdı. Bütün bu faktlar gön-dəri məmulatı emalı texnologiyasının, başqa sözlə, dəriaşılama (dabbaqlıq) sənətinin tərəqqi etməsindən soraq verir.

Sərmayəsi böyük olan iri dabbaqxana sahibləri çox vaxt Bakı, Tiflis, habelə İran, Türkiyə, Rusiya və Orta Asiya şəhərlərindən xammal alırdılar. XIX əsrdə Azərbaycanda gön-dəri məmulatı istehsalı kustar sənət və xırda əmtəə istehsalı səciyyəsi daşımışdır. Başlıca olaraq inzibati mərkəz rolunu oynayan əyalət şəhərlərində cəmləşmiş iri dabbaqxanalarla yanaşı, qəsəbə tipli ticarət və sənət mərkəzlərində xırda kustar dabbaqxanalar da fəaliyyət göstərirdi. Belə müəssisələr kənd yerlərinə də yayılmışdı.

XIX əsrdə Azərbaycanda gön-dəri məmulatı istehsalının başlıca mərkəzləri arasında ənənəvi maldarlıq rayonları olan Şamaxı, Şəki, Cavad, Ərəş, Şuşa və Gəncə qəzaları mühüm yer tuturdu. Bu qəzalar Cənubi Qafqazda gön-dəri məmulatı istehsalının qabaqcıl mərkəzləri sayılırdı. XIX əsrin 30-40-cı illərində Şamaxıda 64 nəfər, Nuxada 178 nəfər dabbaq işləyirdi. 1888-ci ildə Yelizavetpol quberniyasında 99, Bakı quberniyasında isə 157 dabbaqxana var idi.